Tramp ABŞ-ın Rusiya və Çini yaxınlaşdırmadan dostluq etmək arzusunda olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, Amerika prezidenti Donald Tramp bildirib ki, ABŞ Rusiya ilə dost olmağa bir şərtlə hazırdır: əgər bu ölkə Çinlə yaxınlaşmasa. Bu barədə o, Fox News-a müsahibəsində bildirib.
Trampın sözlərinə görə, Rusiya nadir torpaq metalları da daxil olmaqla, ABŞ üçün qiymətli ehtiyatlara malikdir. Eyni zamanda, Çin lideri Si Tsinpin də Amerika dövləti ilə əlaqələr qurmağa hazırdır, çünki Pekinə öz bazarı lazımdır.
ABŞ prezidenti bildirib ki, o, “hər ikisi ilə dost olmağa” hazırdır, lakin o, Rusiya və Çinin “birləşməyə başlamasını” istəmir. Tramp iki ölkə arasında yaxınlaşmada ABŞ-ın keçmiş prezidenti Barak Obamanı və onun “pis enerji siyasətini” günahlandırıb.
Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp martın 18-də ikinci rəsmi telefon danışığını keçirib. Moskva və Vaşinqton danışıqları məhsuldar qiymətləndirib. İki lider Ukrayna nizamlanması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq haqqında danışıblar.
Daha sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Putin və Trampın təmasları zamanı əldə olunan razılaşmaların təfərrüatlarını müzakirə etmək üçün yeni danışıqların keçiriləcəyini açıqlayıb.
Şayəstə Hüseynova