Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Bu barədə Elchi.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti martın 24-dək davam edəcək.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.
Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormazlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir.