image-38backend

Avropa Parlamenti ilə əlaqəli korrupsiya araşdırması genişlənir 

Brüsseldəki Avropa Parlamenti (AP) Çin texnologiya şirkəti “Huawei”nin adından lobbiçilik adı altında rüşvətxorluq, saxtakarlıq və çirkli pulların yuyulması ittihamı ilə 4 nəfərin həbsinə, bir nəfərin isə şərti azadlığa buraxılmasına qərar verib.

Elchi.az xəbər verir ki, federal prokurorluq tərəfindən edilən yazılı açıqlamada, mütəşəkkil cinayət, çirkli pulların yuyulması və korrupsiya ilə əlaqədar martın 13-də başladılan istintaq çərçivəsində 4 nəfərin həbs edildiyi, dünən isə həbs müddətlərinin bir ay uzadıldığı bildirilib.

Açıqlamada çirkli pulların yuyulmasında təqsirləndirilən 5-ci şəxs barəsində şərti azadlığa buraxılma qərarı çıxarıldığı, istintaqa cəlb olunanların kimliyi ilə bağlı məlumat verilməyəcəyi bildirilib.

Bəyanatda həmçinin martın 17-də “Huawei”nin AP-dəki ofisində axtarışların aparıldığı da qeyd edilib.

Prokurorluğun martın 13-də verdiyi açıqlamada, paytaxt Brüssel, Flaman və Vallon bölgələri ilə yanaşı, Portuqaliyada da 21 axtarış aparıldığı bildirilirdi: “Bir neçə nəfər saxta sənədlərdən istifadə etdiklərinə görə, AP-də aktiv korrupsiyada iştirak etdikləri iddiası ilə sorğu-sual edilmək üçün saxlanılıb”.

Açıqlamada bildirilir ki, 2021-ci ildən kommersiya lobbisi adı altında siyasi vəzifələr əldə etmək üçün yemək, yol xərclərini ödəmək, futbol matçlarına müntəzəm dəvətlər yolu ilə korrupsiya halları davam etdirilir: “Bütün bunlar yalnız siyasi qərarlar kontekstində şəxsi kommersiya maraqlarının təbliği məqsədilə edilib”.

“Huawei” diqqət mərkəzindədir

Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərə görə, araşdırmanın mərkəzi Çin texnologiya şirkəti Huaweidir.

“Huawei”nin adından lobbiçilik edən şəxslərin Avropa Parlamentinin üzvlərinə rüşvət verdiyi və istintaqın təxminən 15 keçmiş və indiki deputata aid olduğu bildirilir.

“Huawei”nin Brüsseldəki ofisində və lobbiçilərinin evlərində axtarışlar aparıldığı, 21 nəfərin həbs edildiyi bildirilir.

Əvvəlki korrupsiya qalmaqalı

2022-ci ilin dekabrında Belçika səlahiyyətliləri tərəfindən aparılan istintaq çərçivəsində bir çox məntəqələrdə axtarışlar aparılıb və 1,5 milyon avro nağd pul ələ keçirilib.

AP sədrinin müavini vəzifəsinə xitam verilən yunan millət vəkili Eva Kaili, keçmiş italiyalı deputat Pier Antonio Panzeri, Kailinin AP-də köməkçi işləyən sevgilisi Françesko Giorgi və QHT rəhbəri Nikolo Fiqa-Talamanca saxlanılıb.

Giorginin açıqlamasında iki Avropa Parlamentinin üzvü Andrea Kozzolino və Mark Tarabellanın Panzeridən pul aldıqlarını dedikləri iddia edilib. 2 fevral 2023-cü ildə toxunulmazlığı ləğv edilən Kozzolino və Tarabella bir həftə sonra saxlanılıb.

Həmin şəxslərin AP-nin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün körfəz ölkəsindən rüşvət aldıqları iddia edilib. Mövzu ilə bağlı xəbərlərdə adı keçən Qətər iddiaları rədd edib.

Nəhayət, 14 aprel 2023-cü ildə Kaili də daxil olmaqla, bütün məhbuslar şərti azadlığa buraxıldı.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki