Novruz bayramı öncəsi şəhərlərarası yollarda hərəkətliliyin artdığı İranda son 4 gündə baş verən yol qəzalarında 87 nəfərin həyatını itirdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran Polisinin Trafik İdarəsinin rəisi Əhməd Keremiesed Novruz bayramı öncəsi baş verən yol-nəqliyyat hadisələri ilə bağlı açıqlama verib.
Keremiesed, “Son dörd gündə baş verən yol qəzalarında 87 nəfər həyatını itirdi, 3075 nəfər isə yaralandı” -deyib.
Qəzaların əksəriyyətinin yorğunluq, ehtiyatsızlıq və ötmə əməliyyatlarının düzgün aparılmaması kimi səbəblərdən baş verdiyini qeyd edən İran rəsmisi yolda olan sürücülərdən qaydalara əməl etmələrini istəyib.
İranda istifadə edilən Hicri Şəmsi təqviminə əsasən, 21 mart ilin ilk günü hesab olunur. Novruz bayramı üçün 4 günlük rəsmi tətilin olduğu ölkədə geniş əhali təxminən 2 həftəlik tətilə çıxır. Ailə ziyarətlərinin, səfərlərin baş verdiyi bu günlərdə şəhərdaxili yollarda hərəkətin çoxalması nəticəsində yol-nəqliyyat hadisələrinin artması müşahidə olunur.
Nuranə Məmmədova