İsrailin dünəndən etibarən Qəzzaya hücumları nəticəsində aralarında uşaqların da olduğu 70 fələstinli və 1 BMT əməkdaşı həyatını itirib. Martın 18-i səhər saatlarından etibarən İsrailin törətdiyi soyqırım hücumlarında həyatını itirənlərin sayı 470-i ötüb.
Elchi.az xəbər verir ki, Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal Telegram hesabında verdiyi açıqlamada məsələ ilə bağlı məlumat verib.
Basal, dünən səhər saatlarından etibarən İsrailin Qəzzanın müxtəlif bölgələrində ev, çadır və digər yerləri hədəf alan hava hücumları nəticəsində aralarında uşaqların da olduğu 70 fələstinli və 1 BMT əməkdaşının həyatını itirdiyini bildirib.
İsrailin Qəzza zolağına hücumlara başladığı 18 mart səhərindən bəri ölənlərin sayının 470-i keçdiyini qeyd edən Basal, hələ də evlərin dağıntıları altında qalan insanların olduğunu bildirib.
Basal, xilasetmə işləri üçün lazım olan ağır texnikanın olmaması səbəbindən qrupların xilasetmə işlərini yerinə yetirməkdə çətinlik çəkdiyini, sərhəd qapılarının bağlanması və yanacaq girişinin qarşısının alınmasının Qəzza zolağında mülki müdafiə qruplarının işini təhdid etdiyini və sərhəd qapıları açılmasa xidmətin dayana biləcəyini bildirib.
Basal, sərhəd qapılarının 18 gündür bağlı olması və bazarlarda ilkin ehtiyacların tükənməsi səbəbindən Qəzza zolağı xalqının onları təhdid edən aclıq astanasında olduğuna diqqət çəkib.
Şayəstə Hüseynova