Çin Müdafiə Nazirliyi Filippinin ABŞ-ın öz ərazisində orta mənzilli raket sistemi yerləşdirməsini qəbul etməsini regionda sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Hind-Sakit Okean Komandanlığının verdiyi açıqlamaya görə, “Typhon” raket sistemi bu yaxınlarda Laoaq hava limanından Luzon adasındakı başqa yerə köçürülüb.
Filippin hökuməti bəyan edib ki, əgər Çin Filippin torpaqlarında hərbi mövcudluğunu dayandırarsa, filippinli balıqçılara müdaxilə edərsə və Filippin gəmilərinə hücum edərsə, orta mənzilli raket sistemini ABŞ-a qaytaracaqlar.
Bu gün keçirilən mətbuat konfransında Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang bütün iddialara cavab verib. Sözçü Zhang xatırladıb ki, Çin dəfələrlə ABŞ-ın Filippində raket sistemləri yerləşdirməsinə qarşı olduğunu bildirib. “Typhon” raket sisteminin strateji hücum vasitəsi olduğunu vurğulayan Zhang, Filippinin bu sistemin öz ərazisində yerləşdirilməsini qəbul etməsinin ölkənin təhlükəsizlik və müdafiə hüquqlarını başqa ölkəyə ötürməsi anlamına gəldiyini bildirib. O bildirib ki, bu vəziyyət regiona geosiyasi gərginlik və silahlanma yarışı riskləri gətirir. Zhang Filippinin təşəbbüsünü “oğruya yol göstərmək” kimi qiymətləndirib.
Filippinin sərhədlərinin bir çox beynəlxalq müqavilələrlə aydın şəkildə müəyyən edildiyini xatırladan sözçü Zhang Çinin Nanşa adaları və Huangyan adaları üzərindəki hüquqlarını müdafiə etmək fəaliyyətinin haqlı, rasional və mübahisəsiz olduğunu vurğulayıb. Çin sözçüsü bildirib ki, Filippinin Cənubi Çin dənizindəki problemləri “Tayfon” raket sistemi ilə əlaqələndirməsi dövlət təhlükəsizliyi, ictimai rifah və regional sülh üçün böyük risk yaradır. Zhang Filippinin raket sistemini geri çəkməsi və dialoq yoluna qayıtması ilə bağlı əvvəlki öhdəliyinə sadiq qalmasını təklif edib.
Nuranə Məmmədova