image-60_1744202080backend

UNRWA: Qəzzadakı vəziyyətin uşaqlara təsiri dağıdıcıdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA), İsrailin tətbiq etdiyi sıx blokada səbəbiylə Qəzzaya humanitar yardımın beş həftədir çatdırılmamasının uşaqlara dağıdıcı təsir göstərdiyini açıqlayıb.

Elchi.az xəbər verir ki, UNRWA, İsrailin martın 2-dən bəri humanitar yardımın girməsinə icazə vermədiyi Qəzzada vəziyyətlə bağlı açıqlama verib.

“Qəzzanın şimalında uşaqlar oyuncaq və ya karandaş deyil, su axtarırlar. Onlar məktəbə getmirlər, susuzluqlarını yatırtmaq üçün arabaları itələyirlər”, – bəyanatda deyilir.

“İsrailin blokadasının Qəzzaya yardım və kommersiya ləvazimatlarının daxil olmasını dayandırmasından beş həftədən çox vaxt keçir. Təmiz su, qida, sığınacaq və tibbi xidmət getdikcə daha az olur”, – məlumatda deyilir.

Bəyanatda atəşkəs çağırışı təkrarlanıb və Qəzzadakı vəziyyətin uşaqlara təsirinin “dağıdıcı” olduğu vurğulanıb.

UNRWA-nın X hesabında paylaşılan yazıda Qəzzalı uşaqların təmiz su almaq üçün üzərində boş qablar olan at arabasını itələməyə çalışdıqları görülüb.

Qəzzada humanitar böhran günü-gündən dərinləşir

İsrail HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsinin sona çatmasından sonra martın 2-dən Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarına gəlib.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlar nəticəsində 2 milyon 300 min əhalisi olan Qəzza zolağında təxminən 2 milyon insan didərgin düşüb.İsrail mülki infrastruktur və xəstəxanaları da hədəf alaraq Qəzzada humanitar fəlakətə səbəb olub.

Bölgəyə su və elektrik verilişinin kəsilməsi və sərhəd qapılarının bağlı saxlanılması fələstinlilərin Qəzzada yaşadığı çətin vəziyyəti daha da dərinləşdirir.

İsrail ordusu yanvarın 19-da Qəzza zolağında qüvvəyə minmiş atəşkəsi pozaraq, martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1449 fələstinli həyatını itirib, 3647 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 50 min 810, yaralıların sayı isə 115 min 688-ə yüksəlib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki