WP: Ukrayna Trampın Rusiyanın hücumunu dəf etməyə kömək edəcəyinə ümid edir.
Elchi.az xəbər verir ki, Ukrayna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiyanın hücumunu dəf etməyə kömək edəcəyinə ümid edir. Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.
“Ukrayna ümid edir ki, Trampın diplomatiyaya tranzaksiya yanaşmasını mənimsəməklə, o cümlədən ABŞ şirkətlərinə gəlirli biznes imkanları təklif etməklə, yeni prezident Rusiyanın hücumunu dəf etməyə kömək edəcək”, – qəzet yazır.
Qəzetin yazdığına görə, Kiyevdə hələ də Trampın Ukraynanın “ədalətli” hesab edəcəyi şəkildə müharibənin başa çatmasına kömək edəcəyinə ümidlər var.
Bundan əvvəl amerikalı iqtisadçı və Kolumbiya Universitetinin professoru Cefri Saks bildirmişdi ki, ABŞ və Rusiya arasında telefon danışığı Ukraynada münaqişənin daha da gərginləşməsini dayandıra bilər.
O, həmçinin Vaşinqtonun Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirmək icazəsini şərh edib. İqtisadçı vurğulayıb ki, hədəf proqramlaşdırma və hədəfləmə əməliyyatlarında ABŞ-ın aktiv iştirakı olmadan Ukrayna bu raketlərdən istifadə edə bilməz.
Şayəstə Hüseynova