Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq, son 24 saat ərzində enerji infrastrukturuna 4 dəfə hücum edib.
Elchi.az xəbər verir ki, Nazirlik açıqlamasında bildirib ki, Ukrayna ordusu son 24 saat ərzində Rusiyanın Kursk, Rostov, Krasnodar və ilhaq edilmiş Zaporojya bölgələrində enerji infrastrukturu obyektlərinə artilleriya və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirib.
Açıqlamada hücum nəticəsində bölgənin bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi bildirilib və bunlar qeyd edilib:
“8 PUA ilə hücumun baş verdiyi Krasnodar vilayətindəki “Korenovskaya” kompressor stansiyası “Türk axını” Təbii Qaz Kəmərini qazla təmin edir. Stansiyaya ziyan dəyməyib. Kiyev administrasiyası beynəlxalq enerji obyektinə qəsdən hücum edib.
Kiyev administrasiyası Rusiya ilə ABŞ arasında martın 18-dən etibarən enerji elementlərinə hücumların 30 gün müddətinə dayandırılmasına dair razılaşmanı pozaraq, birtərəfli qaydada Rusiyanın enerji infrastrukturuna zərbə endirməkdən əl çəkməyib ”.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra Rusiya və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi açıqlanıb.
Kreml ABŞ-la əldə olunan razılaşmaya əsasən, Rusiya və Ukraynada neft emalı zavodları və enerji boru kəmərləri kimi obyektlərə hücumların dayandırılacağını açıqlamışdı.
Nuranə Məmmədova