“Rusiya və NATO arasındakı konflikt son zamanlar pik həddə çatıb deyə bilərik. Rusiya ilə Ukrayna arasındakı gərginlik iki gücü- NATO və Rusiyanı qarşı-qarşıya qoyub”.
Bu sözləri Modern.az-a açıqlamasında siyasi şərhçi Elman Vəliyev deyib.
Onun sözlərinə görə, Ukrayna arxasında NATO və Amerikanın olduğunu düşünərək, Rusiya ilə müharibə həddinə qədər gəlib çatıb.
“Ancaq digər bir məsələ odur ki, vəziyyət ciddi olarkən Rusiya və NATO danışıqlar aparmaq üçün razılıq əldə ediblər.
Bu situasiyada 3 sual yaranır:
1) Həqiqətənmi NATO və Amerika Ukraynaya yardım edər?
2) Rusiya ya acığa düşüb, ya da müdafiə üçün Ukrayna ilə savaşa girər?
3) Yanvarda planlaşdılıran Rusiya-NATO görüşü siyasi arenanı yumşaltmağa kömək edə bilərmi?
Başlayaq birinci sualdan. Məntiqi yanaşsaq nə NATO, nə də Amerika Ukraynaya görə Rusiya kimi supergüclə müharibə etmək istəyər. Yaxşı dərk edirlər ki, Rusiya ilə hərb meydanında qalibgəlmə şansları azdır. Prezident Vladimir Putin də göz dağı vermək məqsədilə çıxış edərək bildirdi ki, Rusiyanı müharibədə udmaq omaz, ancaq daxildən parçalamaq mümkündür. Həqiqətən bu real faktdır. Necə ki, SSRİ-ni soyuq savaşla parçalamışdılar.
Biz bunu 2014-cü ildə Rusiyanın Krım ilhaqında da gördük. Bəs o zaman bu iki güc niyə Rusiyanı hədələyir? Cavabı bəsitdir: Rusiyadan ehtiyat etdikləri üçün. Ukrayna məsələsi sadəcə bəhanədir. Rusiyanın qlobal gücə çevrilməsini heç biri istəməz. Əgər Rusiya ilə Ukrayna arasında savaş olsa, ehtimal ki, bu dəfə öz maraqlarının böyük təhdid altında qaldıqlarını nəzərə alaraq, 2014-cü ildəki siyasətdən fəqli bir format sərgiləyərlər.
Rusiya özünü keçmiş SSRİ-nin varisi elan edib və indiki siyasəti də həmin əraziləri nəzarətdə saxlamaqdır. Bu siyasətdə “yumşaq güc”dən məharətlə istifadə edir. Bununla Belarusu himayəyə götürdü. Ancaq Ukraynaya gələndə qarşısında maneələrə rast gəldi. Bu maneələr NATO və Amerika idi. Rusiyanın məkrli siyasəti çoxlarını narahat etdi. Rusiya bunların fərqindədir. Bəs o zaman Rusiya niyə Ukryana ilə sərhədə bu qədər çox silah- sursat, əsgər yığıb? Bunun cavabı da bəsitdir: ehtiyatını əldən verməmək üçün.
Həmçinin bu yolla düşmənlərinə psixoloji təzyiq göstərmiş olur, yəni görsünlər ki, Rusiya zarafat eləmir, istədiyini etmək qabiliyyətinə malikdir. Lakin burda da bir önəmli məqam var. O məqam bundan ibarətdir ki, Rusiya fikirləşir ki, əgər müharibə vəziyyəti yaransa, koalisiya qüvvələri böyük problem yarada bilər.
Yanvarda Rusiya ilə Şimali Atlantika Alyansı arasında önəmli məsələləri müzakirə etmək üçün görüşün keçiriləcəyi bildirilir. Görüşdən əvvəl Rusiya öz şərtlərini diktə etdi.
NATO-nun daha da genişlənməsi və Ukraynanın alyansda iştirakının rədd edilməsi;
NATO-nun Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada bütün hərbi fəaliyyətlərinin dayandırılması;
Qarşı tərəfin ərazisini vura bilən orta və qısa mənzilli raketləri yerləşdirməmək;
Razılaşdırılmış sərhəd zonasında birdən çox hərbi briqada ilə təlimlərin keçirilməməsi və hərbi təlimlər haqqında mütəmadi məlumat mübadiləsi;
Tərəflərin bir-birini düşmən kimi görmədiyini təsdiq edərək və bütün mübahisələri sülh yolu ilə həll etməyə və güc tətbiq etməkdən çəkinməyə razılaşaraq;
Qarşı tərəf tərəfindən təhdid kimi qəbul edilə biləcək şərait yaratmamaq öhdəliyi;
Fövqəladə hallar üçün rabitə xətlərinin yaradılması.
Rusiya bu şərtlərin qəbul edilməsi üçün bəyan edir ki, Avropaya nüvə raketləri yerləşdirə bilırik. Necə ki, 1961-ci ildə Kubada etmişdilər. Digər bir yandan isə Putin təzyiq ünsürü kimi “qaz” faktorunu dilə gətirir. Əgər Rusiya qaz axınını dayandırarsa, Avropada qazın qiyməti bir xeyli artar ki, bu da daxili auditoriya üçün çətin vəziyyət yaradar.
Tərəflər arasındakı bu prosesi “saziş layihəsi” adlandırırlar. Bəs Rusiyanın bu şərtlərinin qəbul edilməsi mümkün ola bilər? Bu müddəaların hamısının qəbul edilməsi NATO-nun uçuruma getməsi deməkdir, həmçinin Amerikanın da”.