İraqın xarici işlər naziri Fuad Hüseyn Suriyanın sabitliyi və təhlükəsizliyinə önəm verdiklərini ifadə edərək, Suriyada qurulması gözlənilən yeni hökumətə uğurlar arzulayıb.
Elchi.az xəbər verir ki, Hüseyn Bağdadda səfərdə olan Suriya Şam Qurtuluş Komitəsinin (HTŞ) xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Suriyanın təhlükəsizliyi və sabitliyi bizim üçün vacibdir və bu, İraqın təhlükəsizliyi və sabitliyi deməkdir”. Hüseyn iki ölkə arasında iqtisadi əlaqələri də gücləndirmək istədiklərini bildirib. Terror təşkilatı İŞİD-in iki ölkə üçün ortaq təhlükə olduğunu qeyd edən Hüseyn terrorla mübarizə və digər təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Suriya ilə birgə əməliyyat mərkəzi qurmaq istədiklərini bildirib.
İraq naziri Hüseyn sözlərini belə davam etdirdi:
“İraq konstitusiyası digər ölkələrin daxili işlərinə qarışmağı qadağan edir. Biz beynəlxalq əlaqələrə və mehriban qonşuluq münasibətlərinə də dəyər veririk. Suriyada ələvilərə qarşı edilənləri də müzakirə etdik və narahatlığımızı bildirdik. Ümid edirik ki, Suriyada siyasi idarəçilikdə bütün tərəflər iştirak edəcək və qurulacaq yeni administrasiyaya uğurlar arzulayırıq”.
Fuad Hüseyn həmçinin HTŞ rəhbərliyi ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında imzalanan razılaşmadan məmnunluğunu ifadə edib.
Əsəd Həsən Şeybani də iki ölkə arasındakı tarixi əlaqələrə diqqət çəkərək dedi:
“Prezidentimiz Əhməd əş-Şaranın rəhbərliyi altında iki ölkə arasında tərəfdaşlığı daha da gücləndirmək istəyirik. İŞİD terror təşkilatına qarşı mübarizədə İraqla birlikdə mübarizə aparmağa hazırıq. Biz xarici qüvvələrin mübarizəsinə qarşı qətiyyətlə dayanmalıyıq. İraqın təhlükəsizliyi Suriyanın təhlükəsizliyi deməkdir. Ümid edirik ki, bu səfər iki ölkə arasında iqtisadi tərəfdaşlığı gücləndirəcək və sərhədlərin açılması tərəfdaşlığımızı gücləndirəcək”.
Nuranə Məmmədova