ABŞ-ın Rusiya-Ukrayna müharibəsindən sonra Şərqi Avropada yerləşdirdiyi 20 min əsgərinin yarısını geri çəkməyi düşündüyü iddia edilib.
Elchi.az xəbər verir ki, NBC-yə danışan müzakirələrdən xəbəri olan altı ABŞ və Avropa rəsmisinə görə, ABŞ administrasiyası Şərqi Avropadan 10 min əsgərin çıxarılmasını müzakirə edir.
Sözügedən rəsmilər keçmiş prezident Co Baydenin dövründə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ildə Ukrayna sərhədindəki ölkələrin Rusiyaya qarşı müdafiəsini gücləndirmək üçün yerləşdirilən 20 min ABŞ əsgərinin yarısının geri çəkilməsi məsələsinin nəzərdən keçirildiyini iddia ediblər.
Rumıniya və Polşada yerləşdirilən 20 min əsgərin yarısının geri çəkilməsi üçün ABŞ administrasiyası daxilində müzakirələrin davam etdiyini bildirən rəsmilər, Pentaqonun bu təklifi qəbul etməsi halında ABŞ-ın uzun illər müttəfiqi olan Avropanın Rusiyaya qarşı təkbaşına qalması ilə bağlı narahatlıq yaradacağına dair şərhlərə diqqət çəkib.
Polşa ittihamları rədd edir
Polşanın PAP xəbər agentliyinin məlumatına görə, bu arada Polşa prezidenti Andjey Duda ölkədəki ABŞ qoşunlarının çıxarılacağı ilə bağlı iddiaları təkzib edib və qoşunların ölkə daxilində müxtəlif yerlərə köçürüldüyünü bildirib.
Polşanın müdafiə naziri Wladislaw Kosiniak-Kamysz də sosial media platforması X-də ABŞ əsgərlərinin Polşada qalacağını açıqlayıb və Vaşinqtonda keçirilən NATO sammitində alınan qərara uyğun olaraq Jasionka bölgəsindəki ABŞ əsgərlərinin yerinə Norveç, Almaniya, İngiltərə, Polşa və digər müttəfiq ölkələrin əsgərlərinin oraya yerləşdiriləcəyini qeyd edib.
ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra dəfələrlə bəyan edib ki, o, avropalı müttəfiqlərinin öz müdafiələri üçün daha çox məsuliyyət daşımasını istəyir.
“Aydın strateji reallıqlar Birləşmiş Ştatların diqqətini ilk növbədə Avropanın təhlükəsizliyinə yönəltməsinə mane olur”, – ABŞ-ın müdafiə naziri Pit Heqset keçən ay Brüsseldə xaricə ilk səfəri zamanı deyib. O əlavə edib ki, Birləşmiş Ştatlar bunun əvəzində öz cənub sərhədinin təhlükəsizliyinə və Çinə qarşı mübarizəyə diqqət yetirəcək.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Bayden administrasiyası NATO-nun Rusiyaya qarşı şərq cinahını gücləndirmək üçün Rumıniya və Polşada ABŞ-ın hərbi mövcudluğunu 20 minə çatdırdı.
NATO daxilində ABŞ-ın Avropada təxminən 80.000 əsgəri var.