Dünyada aparılan hərtərəfli araşdırmaya görə, son 30 ildə şəkərli diabet xəstələrinin sayı iki dəfə artaraq 800 milyonu keçib. 1990-cı ildə dünya üzrə böyüklər arasında 7 faiz olan diabet nisbəti 2022-ci ildə 14 faizə yüksəldi. Araşdırmada ən böyük artımın aşağı və orta gəlirli ölkələrdə olduğu bildirilib.
Elchi.az xəbər verir ki, dünyada diabetin yayılması və müalicəsini araşdıran bu ilk hərtərəfli tədqiqat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıqda NCD-RisC tərəfindən aparılmışdır.
18 yaşdan yuxarı 140 milyondan çox insanın məlumatlarından istifadə edilən təhlil ölkələr arasında müqayisələri daha dəqiq edib.
Araşdırmaya görə, şəkərli diabet hallarının yarıdan çoxu Hindistan, Çin, ABŞ və Pakistanda cəmləşib.
Tədqiqat şəkərli diabetdə regional və sosial-iqtisadi bərabərsizlikləri vurğuladı. Sakit okean adaları, Karib dənizi, Yaxın Şərq və Şimali Afrika kimi bəzi bölgələrdə kişi və qadın əhalinin yüzdə 25-dən çoxunun şəkərli diabet xəstəsi olduğu ifadə edilib.
Yüksək gəlirli Qərb ölkələri arasında diabet nisbəti ABŞ-da 12,5 faiz, Böyük Britaniyada isə 8,8 faiz olaraq qeydə alınıb.
Digər tərəfdən Fransa, Danimarka, İspaniya, İsveçrə və İsveçdə qadınlarda şəkərli diabet nisbəti yüzdə 2-4, Danimarka, Fransa və bəzi Afrika ölkələrində isə kişilərdə yüzdə 3-5 səviyyəsində qalıb.