Bu ilin dekabrın 1-nə “E-Şikayət” sisteminə telekommunikasiya ilə bağlı daxil olan şikayətlərin 66,28 %-i sabit internet xidmətlərini əhatə edib.
Elchi.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.
Ötən ilin noyabr ayında İKTA tərəfindən yaradılan “E-Şikayət” sisteminə 3 745 müraciət daxil olub ki, onların da 3 min 526-sı və ya 94,15 %-i telekommunikasiya, 219-u və ya 5,85 %-i isə poçt rabitəsi ilə bağlı olub. Telekommunikasiya sahəsində (ümumilikdə 4 sahə – “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi”), 117 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub.
Mobil rabitə barəsində olan şikayətlər 20,49 %, telefon rabitəsi barədə olan şikayətlər 10,31 % və mobil internet barəsində olan şikayətlər isə yerdə qalan 2,97 %-i təşkil edir.
Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb. “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)” üzrə ən geniş yayılmış “Xidmət keyfiyyəti ilə bağlı” şikayətlərdir. Bu xarakteristikaya malik şikayətlər ümumi şikayətlərin 18,88 %-ni əhatə edir. İkinci yerdə 17,28 %-lə “Xidmətin işləməməsi ilə bağlı” şikayətlərdir. “Əməkdaşlardan və ya xidmətdən narazılıq” alt kateqoriyası üzrə şikayətlərin həcmi 6,65 %-ə bərabər olmaqla ilk üçlüyü tamamlayır. Bu 3 xarakteristika üzrə daxil olan şikayətlər internet telekommunikasiya xidmətləri üzrə ümumi şikayətlərin 42,81 %-ni təşkil edir.