image-25backend

“Napoleonun ölkəsi”nin Azərbaycana məğlubiyyət etirafı

Rəsmi Paris davamlı şərləmə mövqeyi ilə “Fransaya xarici müdaxilə” qarşısında acizliyini də etiraf etmiş olur

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın “BFMTV”yə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddiaları cavablandırması barədə ötən sayımızda məlumat vermişdik.

Yada salaq ki, A.Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Vallsın “BFMTV”yə müsahibəsi zamanı növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə günahlandırmasını şərh edib.

O qeyd edib ki, Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün Azərbaycanı ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirlər: “Fransanın kolonial siyasətini təbliğ edən və bu ölkənin “3 okean və 5 qitədə” mövcud olduğunu iddia edən Manuel Vallsın Azərbaycana qarşı növbəti dəfə səsləndirdiyi cəfəng iddialar Fransanın həmin xalqlar arasında dayaqlarını itirməsi ilə barışmadığının növbəti təzahüründən başqa bir şey deyil.

Ölkəsini “nadir güc” kimi qələmə verən nazir Manuel Valls səsləndirdiyi ziddiyyətli fikirlərin Fransanın dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında nə qədər zəif arqumentlər olduğunu özü də etiraf edir. Nazir Manuel Vallsın fikirləri, Fransanın öz “strateji maraqları” müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində bu ölkənin ikili standart yanaşmasından xəbər verir. Fransa tərəfindən bu kimi iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı əsassız qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”.

Göründüyü kimi, Fransa öz yarıtmaz siyasətini ört-basdır etməkdə davam edir, bunun üçün isə kolonial səhvlərindən nəticə çıxarmaq əvəzinə Bakıya əsassız ittihamlar irəli sürür. Rəsmi Paris həm də bu davamlı şərləmə mövqeyi ilə “Napoleon ölkəsi”nin guya “dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləyən və Fransaya xarici müdaxilə edən Bakının” qarşısında acizliyini də etiraf etmiş olur.

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bu barədə müsahibəsində Azərbaycanın Fransanın daxili işlərinə heç zaman qarışmadığını diqqətə çatdırdı: “Fransanın anti-Azərbaycan siyasəti islamofobiya, ksenofobiya və erməni lobbisinin təsiri əsasında formalaşıb. 44 günlük Vətən müharibəsindən sonra rəsmi Paris fəal şəkildə ölkəmiz əleyhinə qarayaxma kampaniyası həyata keçirir. Beynəlxalq müstəvidə uğursuzluğa düçar olan Makron administrasiyası ölkə ictimaiyyətinin diqqətini yayındırmaq üçün hədəf dəyişdirmək cəhdləri edir.

Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Vallsın Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar növbəti ikili standartlar nümunəsidir və ölkəsinin geopolitik səriştəsizliyinin göstəricisidir. Yelisey Sarayından fərqli olaraq Azərbaycan Fransanın daxili işlərinə müdaxilə etmir. Lakin onların davam etdirdiyi neokolonializm siyasətinə qarşı qəti və prinsipial mövqe sərgiləyir. Çünki Fransanın kolonial siyasəti hər zaman sosial strukturların pozulmasına, irqi ayrı-seçkiliyə, yerli xalqların dini və mədəni irsinin məhv olmasına səbəb olub. Rəsmi Paris kölələşdirdiyi xalqların təbii resurslarını və iqtisadi potensialını istismar edir, onların inkişafının qarşısını alır. Fransızlar dekolinizasiya prosesinə baxmayaraq imperialist maraqlarını fərqli müstəvidə davam etdirirlər. Bu isə demokratik dəyərlərin məhvinə və insan haqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Bakı Təşəbbüs Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində Fransanın müstəmləkə siyasətinə qarşı ciddi səylə mübarizə aparır. Artıq fransızlar Afrikada istənilməyən qonaq qismindədir. Yaşadıqları uğursuzluqları kompensasiya etmək istəyən Emmanuel Makron isə Cənubi Qafqaza nüfuz etmək cəhdləri edir və Ermənistandan platsdarm kimi yararlanır. Azərbaycan onların regionda nüfuz sahibi olmaq ambisiyalarını neytrallaşdırır”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Fransaya Azərbaycan tərəfindən tam adekvat münasibət sərgiləndiyini söylədi: “Çox təəssüf ki, artıq dünyanın bir sıra güclü dövlətləri heç bir beynəlxalq hüquq norması tanımır. İstədiyi addımı atır. Fransa da bu cür dövlətlərdən biridir. Azərbaycana qarşı hər cür böhtanlar, qarayaxma kampaniyaları təşkil edir. Əlbəttə ki, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinin əsasında Ermənistanı dəstəkləməsi faktı və Fransada mövcud olan 100 illik güclü erməni lobbiçiliyi və diasporası durur. Məlumat üçün deyim ki, dünyada ermənilərin ən güclü lobbiçiləri sırasında birinci yerdə Fransa, ikinci yerdə Amerika durur. Fransanın dənizaşırı ərazilər naziri Manuel Valis həyasızcasına Azərbaycana qarşı böhtan atır. Azərbaycan nə etsin ki, Fransa keçmişdə də, indiki dövrdə də müstəmləkəçilik həyata keçirir, zəif xalqları və gücsüz dövlətləri işğal etmək, təcavüzə məruz qoymaq, əzmək və bir sıra dövlətlərin təbii sərvətlərini ələ keçirmək, mənimsəmək siyasətini aparır. Fransa yaxın tarixdə xalqlara qarşı soyqırımı aktları da həyata keçirib. Təkcə Əlcəzairdə bir milyondan artıq insan qətlə yetirib. Fransa öz keçmişindən utanmaq əvəzinə, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Azərbaycan xalqı Fransanın bizə qarşı necə nifrət bəslədiyini çox yaxşı bilir. Münasibətlərimizin bu vəziyyətə gəlməsinin kökündə, əlbəttə, Fransa dövlətinin Azərbaycana qarşı olan qərəzli münasibəti durur. Təbii ki, biz düşmən olanla dost ola bilmərik. Münasibətlər qarşılıqlı olmalıdır. Fransaya bugünkü Azərbaycanın münasibəti adekvatdır”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki