Görkəmli aktyor, Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 100 illiyi münasibətilə məzarı ziyarət olunub.
Elchi.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təşkilatçılığı ilə keçirilən anım mərasimində sənətkarın məzarı üstünə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Bəşir Səfəroğlunun Azərbaycan teatr sənətində mühüm yer tutduğunu qeyd edib: “Əbədiyaşar sənətkarın yaratdığı obrazlar tamaşaçıların yaddaşında silinməz iz qoyub. Onun istedadı və sənətə olan sevgisi bu gün də gənc nəsil üçün ilham mənbəyidir. Böyük sənətkar haqqında keçmiş zamanda danışmaq çətindir, çünki onun sənəti daim yaşayacaq”.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Bəşir Səfəroğlunun milli teatrın inkişafına misilsiz töhfələr verdiyini bildirib: “O, cəmi 44 il yaşasa da, bu qısa ömürdə xalqın böyük sevgisini qazanmağı bacarıb. Onun “Əhməd haradadır?”, “Ulduz”, “Xoca Nəsrəddin” kimi filmlərdəki unudulmaz obrazları tamaşaçılar tərəfindən sevilib və bu gün də sevilməkdə davam edir”.
Xalq artisti Afaq Bəşirqızı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə dərin minnətdarlığını bildirib. “Bəşir Səfəroğlu tanrının ona verdiyi böyük istedadla, yaratdığı obrazları ilə daim yaşayacaq. Bəşir Səfəroğlu mənim üçün həmişə gəncdir və bu həmişə belə qalacaq”,- deyə o əlavə edib.