Alimlər immun sisteminin əvvəllər məlum olmayan hissəsini aşkar ediblər.
Elchi.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu ixtira “təbii antibiotiklər” təmin etməklə antibiotik müqaviməti ilə mübarizədə yeni alternativlər təklif edə bilər. Avropa Tədqiqat Şurasının dəstəklədiyi tədqiqatçılar bildiriblər ki, aşkar edilən bu təbii antibakterial mexanizmlər yoluxucu xəstəliklərin müalicəsində bir irəliləyiş ola bilər. Tədqiqat hüceyrələrdə zülalları parçalayan proteazom strukturlarına diqqət yetirir. Elm adamları, proteazomların hüceyrələrdəki bakteriyaları da aşkarlaya və bu bakteriyalara qarşı müdafiə mexanizmləri inkişaf etdirərək onların böyüməsini dayandıra biləcəyini aşkar etdilər.
Yeni müalicə üsulları üçün perspektivli bir addım
“Nature” jurnalında dərc edilən araşdırmada “Bu tapıntılar yoluxucu xəstəliklərlə mübarizədə əvvəllər müəyyən edilməmiş diaqnostika və müalicə strategiyalarına qapı açır” ifadəsi işlədilib. Araşdırmanı aparan alimlərdən biri Veizman Elm İnstitutundan prof. Yifat Merbl BBC-yə açıqlamasında kəşfin “son dərəcə həyəcan verici” olduğunu bildirib və “İmmun sisteminin bakterial infeksiyalara qarşı yeni müdafiə mexanizmini kəşf etdik. Bu mexanizm bədənimizin hər hüceyrəsində aktiv şəkildə işləyir və potensial olaraq yeni bir təbii antibiotik sinfi yarada bilər”,-deyə qeyd edib.
Antibiotik müqavimətinə qarşı yeni həll yolları axtarılır
London İmperial Kollecinin Həyat Elmləri Departamentinin rəhbəri, Prof. Danile Davis, kəşfin “çox vacib” olduğunu, lakin bu mexanizmi yeni bir antibiotik mənbəyinə çevirmək üçün daha çox sınaqlara ehtiyac olduğunu vurğuladı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, infeksiyalara qarşı yeni antibiotiklərə və alternativ müdafiə mexanizmlərinə böyük ehtiyac yaranıb. Çünki zaman keçdikcə və sui-istifadəyə görə, bir çox patogenlər mövcud müalicə üsullarına qarşı müqavimət göstərdilər.
Antimikrobiyal müqavimət qlobal sağlamlıq təhlükəsidir
Antimikrobiyal müqavimət (AMR) o deməkdir ki, xəstəliklər və infeksiyalar mövcud müalicələrə cavab vermir və bütün dünyada artan ictimai sağlamlıq problemi hesab olunur. Böyük Britaniya Milli Audit Ofisinin (NAO) dərc etdiyi son hesabata görə, təkcə İngiltərədə hər il 7600 insan birbaşa antimikroblara qarşı müqavimət səbəbindən ölür. AMR-nin dolayı təsirləri də nəzərə alındıqda bu rəqəm ildə 35200 ölümə çatır. Hesabatda AMR-nin əsasən “lazımsız antibiotik reseptləri və yanlış dərman istifadəsi” səbəbindən artdığı qeyd edildi.
Səhiyyə sistemləri təhlükə altındadır
NAO, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) AMR ilə mübarizə üçün qeyri-adekvat olduğunu və xəstəxanaların müasir tibbi ehtiyaclar üçün uyğun olmadığını bildirdi. Hesabatda deyilirdi ki, “Köhnə bina və avadanlıqları sterilizasiya etmək daha çətindir və yoluxmuş xəstələri təcrid etmək üçün kifayət qədər otaqlar yoxdur”. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin sədr müavini Dr. Kolin Braun yanvar ayında verdiyi açıqlamada antimikroblara davamlı bakteriyaların həm yerli, həm də qlobal səviyyədə ciddi təhlükə yaratdığını vurğulamışdı. “Antimikroblara qarşı müqavimət gələcəkdə qarşılaşacağımız böhran deyil, bu, hazırda yaşadığımız problemdir. Dünyada hər il bir milyondan çox insan bundan ölür. Təcili tədbirlər görülməsə, həyati xilasedici müalicə üsullarına əlçatanlıq azalacaq və infeksiyalara nəzarət etmək imkanlarımız zəifləyəcək”, – Braun bildirib.
Xavər
