Bakıda bu gün səhər saatlarından etibarən şəhəri bürüyən duman yalnız görmə məsafəsini azaltmaqla kifayətlənmir, həm də insanların sağlamlığı üçün ciddi risklər yaradır. Xüsusilə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər, yaşlılar və uşaqlar bu vəziyyətdən daha çox təsirlənə bilər.
Bəs dumanlı hava şəraiti insan sağlamlığına necə təsir göstərir?
Elchi.az yenisabah.az-a istinadən xəbər verir ki, həkimlər belə havanın sağlamlıq üçün təhlükəli olduğunu, xüsusilə bir sıra şəxslərin səhhətində müəyyən problemlərin ortaya çıxmasının qaçılmaz olduğunu bildirir.
Kimlər üçün risk yüksəkdir?
Astma və bronxit xəstələri: Havada olan çirkləndiricilərin miqdarı artdıqca, tənəffüs yollarında qıcıqlanmalar baş verə bilər. Bu isə astma tutmalarını və bronxit simptomlarını gücləndirə bilər.
Yaşlı insanlar: Yaşlılarda ağciyər və ürək-damar xəstəliklərinin yaranma riski daha yüksək olduğundan, dumanlı hava onların səhhətinə mənfi təsir göstərə bilər.
Uşaqlar: Uşaqların tənəffüs sistemi daha həssas olduğuna görə, havada olan zərərli hissəciklər onların sağlamlığına zərər verə bilər.
Açıq havada işləyənlər: Xüsusilə açıq havada işləyənlər (tikinti işçiləri, nəqliyyat sürücüləri və s.) bu vəziyyətdən daha çox təsirlənə bilər.
Mütəxəssislər risk qrupuna daxil olan insanların bu dövrdə açıq havada uzun müddət qalmaqdan çəkinmələrini, lazım gəldikdə isə qoruyucu maskalardan istifadə etmələrini tövsiyə edir. Eyni zamanda, evlərdə hava keyfiyyətini yaxşılaşdırmaq üçün hava təmizləyicilərindən istifadə etmək faydalı ola bilər.