Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ ilə məsləhətləşmələrin davam edəcəyinə və bunun etimadı gücləndirəcəyinə ümid etdiyini ifadə edərək, “Problemlər ABŞ-da əvvəlki administrasiyaların dağıdıcı hərəkətləri nəticəsində yaranıb”, – deyə bildirib.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
Rusiya və ABŞ nümayəndə heyətləri arasında ikitərəfli münasibətlərin normallaşdırılması çərçivəsində səfirlik fəaliyyətləri ilə bağlı İstanbulda aparılan danışıqları dəyərləndirən Zaxarova bu danışıqların ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün aparıldığını bildirib.
“Problemlər ABŞ-ın əvvəlki administrasiyalarının dağıdıcı fəaliyyəti nəticəsində yaranıb. Bu administrasiyalar bilərəkdən Rusiyanın Vaşinqtondakı səfirliyinin işinə maneələr yaradıb və ölkələrimiz arasında diplomatik münasibətlərin strukturuna xələl gətirib”, – Zaxarova bildirib.
Rusiyanın buna cavab verməli olduğunu deyən Zaxarova, “Bu, belə davam edə bilməz. Ağ Evdəki yeni komanda da bunu anladı. Ümid edirik ki, bugünkü görüş ABŞ ilə tək məsləhətləşmə olmayacaq, Amerika tərəfini fikir ayrılıqlarının aradan qaldırılmasına yaxınlaşdıracaq və etimadı gücləndirəcək”.
Zaxarova, həmçinin İsrailin Qəzza zolağına humanitar yardımın girməsinin qarşısını almaq üçün hərəkətlərini dəyərləndirib və İsraillə HƏMAS arasında atəşkəs razılaşmasına əməl edilməli olduğunu vurğulayıb.
ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı paylaşdığı süni intellektlə hazırlanmış video ilə bağlı Zaxarova, “Qəzzada vəziyyəti pisləşdirməyəcək, əksinə, yaxşılaşdıracaq addımlar atılmalıdır. Hələlik Ağ Ev bu yolla gedir. Bunun vəziyyətin həllinə necə töhfə verəcəyini görəcəyik. Bunları müzakirə etmək hələ tezdir”- ifadələrdən istifadə edib.
Ukraynanın NATO-ya üzv olma ehtimalını dəyərləndirən Zaxarova deyib: “Ukraynanın NATO-ya üzvlüyü qlobal təhlükəsizlik üçün ciddi nəticələr verə bilər və gərginliyin nəzarətsiz artmasına səbəb ola bilər”.
Zaxarova vurğulayıb ki, Ukrayna böhranının köklü səbəbləri aradan qaldırılmalıdır və bu səbəblərdən biri də NATO-nun infrastrukturunun Rusiya sərhədlərinə doğru genişlənməsidir.
Avropa Birliyinin (Aİ) Ukrayna böhranına yanaşmasını dəyərləndirən Zaxarova Brüsselin Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarı olduğunu və danışıqlar prosesinə qarşı olduğunu bildirib.
Rusiyanın Marseldəki Baş Konsulluğunda bu həftənin əvvəlində baş verən partlayışa toxunan Zaxarova, “Bu, ölkəmizə qarşı terror hücumudur. Bu, Fransa rəhbərliyinin Rusiya və Rusiya vətəndaşlarına qarşı nifrətin qızışdırılmasının nəticəsi idi. Bunu Fransa rəsmilərinin açıqlamalarında görürük”,- deyə qiymətləndirmə aparıb.
Zaxarova ikitərəfli dialoqun bərpası ilə bağlı Almaniyadan gələcək təklifləri nəzərdən keçirməyə hazır olduqlarını , lakin bununla bağlı heç bir siqnal almadıqlarını bildirib.
Azərbaycanın Rusiyanın “Sputnik” xəbər agentliyinin ölkədəki nümayəndəliyini bağlamaq qərarını dəyərləndirən Zaxarova bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə təmaslarını davam etdirdiklərini bildirib.
“Biz bu məsələyə konstruktiv cavab gözləyirik, ümid edirik ki, birgə təşəbbüslər vasitəsilə məqbul həllə nail ola bilərik. Ümid edirik ki, Azərbaycan Rusiya ilə tərəfdaşlıq münasibətlərinə əsaslanan addımlar atacaq və bu münasibətlərə xələl gətirəcək addımlardan qaçacaq”, – Zaxarova bildirib.
Nuranə Məmmədova