image-trump-macronbackend

Makron: Trampla əlavə tariflərlə bağlı danışıqlar çox da ümidverici deyildi

Fransa prezidenti Emmanuel Makron fevralın 24-də ABŞ-a səfəri zamanı prezident Donald Trampla görüşü Avropaya əlavə rüsumların tətbiq olunmaması ilə bağlı “az ümidlə” tərk etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Makron iki günlük rəsmi səfərdə olduğu Portuqaliyanın paytaxtı Lissabonda Portuqaliyanın baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında danışıb.
Fevralın 24-də ABŞ-a səfərinə toxunan Makron Avropa İttifaqı (Aİ) ölkələrinə gömrük tariflərinin artırılmaması ilə bağlı Trampla görüşünün çətin keçdiyini bildirib.
“Bu səfər zamanı və ondan sonra şəxsən mən (gömrük) tariflər məsələsini qaldırdım. Danışıqların çətin olduğunu dedim və çox az ümidlə ayrıldım”, – Makron bildirib.
Makron qeyd edib ki, ABŞ administrasiyası Avropa ölkələrinə qarşı yeni gömrük rüsumları tətbiq etsə, onlar da buna cavab verəcəklər.
Makron həmçinin Portuqaliya ilə Canon Sezar sistemləri və pilotsuz təyyarələrin satışı üçün müqavilə imzalayacaqlarını və hərbi innovasiyaların inkişafı üzərində işləməyə davam edəcəklərini ifadə edərək, Avropanın müdafiə sahəsinə investisiya qoyuluşunu bir daha vurğulayıb.
7 ildir Avropanın suverenliyini və strateji müstəqilliyini müdafiə etdiyini bildirən Makron, Aİ-nin müdafiə, texnologiya və iqtisadiyyat sahələrində özünü gücləndirmək, müstəqil olmaq üçün hərəkətə keçməsi lazım olduğunu vurğulayaraq, “Yeganə həll yolu daha güclü olmaqdır”, – deyib.
Portuqaliyada verdiyi başqa bir açıqlamada ABŞ rəhbərliyinin tariflərlə “geosiyasi və iqtisadi qeyri-müəyyənlik” yaratdığını deyən Makron, “ABŞ böyük bir dəyişiklik içindədir. Nə etməliyik? Onları yanımızda tutmalıyıq, çünki bölünməyə ehtiyacımız yoxdur, amma qeyri-müəyyənliklə yaşamaq məcburiyyətindəyik”, – deyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki