İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, Suriyanın cənubu “demilitarizasiya zonası” olmalıdır və yeni Dəməşq hökumətinin ölkənin cənubundakı mövqe və postlara nəzarət etməsinə icazə verməyəcəklər.
Elchi.az xəbər verir ki, “Haaretz” qəzetinin məlumatına görə, Katz İsrail ordusunun iki gün əvvəl ilk dəfə olaraq Suriyanın cənubundakı forpost və mövqelərə nəzarəti ələ keçirməyə çalışan Dəməşqdə yeni rejimin əsgərlərinə hava hücumu təşkil etdiyini bildirib.
Baas rejimini devirən yeni administrasiyanın Suriyanın cənubundakı mövqe və postlara nəzarət etməsinə icazə verməyəcəklərini iddia edən Katz, ABŞ rəhbərliyinin beynəlxalq hüquqa görə Suriya ərazisi sayılan Colan Təpələrindəki bufer zonada İsrail hərbi varlığını “heç bir müddət məhdudiyyəti olmadan” davam etdirməsi üçün yaşıl işıq yandırdığını bildirib.
Katz, “Biz Suriyanın cənubunun demilitarizasiyasının pozulmasına və təhlükənin yaranmasına imkan verməyəcəyik” – deyib.
İsrailin hücumları və Suriyanı işğal etməsi
2024-cü il dekabrın 8-də Suriyada 61 illik Baas rejiminin sona çatması ilə eyni vaxtda İsrail ordusunun bu ölkəyə hücumları intensivləşib.
İsrail ordusu hava zərbələri ilə Suriya ordusunun qalan hərbi infrastruktur və obyektlərini məhv edərək, Suriya ərazisindəki Qolan təpələrinin işğalını genişləndirib.
İsrail ordusu dekabrın 8-dən sonra işğalını genişləndirdiyi Dəra və Quneytra əyalətlərinin kənd yerlərində mülki yaşayış məntəqələrini məhv edərək tez-tez nəzarət-buraxılış məntəqələri yaradır.
Nuranə Məmmədova