Çin bu ölkə ilə ticarət gərginliyinin artması fonunda ABŞ-a tarifləri 125 faizə qaldıracağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Çin Dövlət Şurasının Gömrük Tarifləri Komissiyasından verilən açıqlamada ABŞ üçün gömrük tarifinin 125 faizə qaldırıldığı açıqlanıb.
Açıqlamada Amerikadan idxal edilən məhsulların mövcud tarif dərəcələri ilə bazarda yer tapa bilməyəcəyinə diqqət çəkilərək, ABŞ-ın Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq etməsi halında “Çin buna məhəl qoymayacaq”.
Çin Ticarət Nazirliyi də tarif artımına görə ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırdıqlarını açıqlayıb.
Nazirliyin bəyanatında Çinin öz qanuni maraqlarını və hüquqlarını müdafiə edəcəyi, çoxtərəfli ticarət sistemini və beynəlxalq iqtisadi nizamı qoruyacağı vurğulanıb.
Trampın “qarşılıqlı tarif” artımı və Çinin cavabı
ABŞ prezidenti Donald Tramp aprelin 2-də “qarşılıqlı tariflər” çərçivəsində Çinə 34 faiz əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.
Çin ABŞ-ın tarif artımına reaksiya verib və 34 faizlik tarif artımına cavab olaraq eyni nisbətdə əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.
Prezident Tramp cavab olaraq Çinin ikitərəfli tariflərə cavab olaraq tətbiq etdiyi 34 faizlik tarif artımını geri götürməməsi halında əlavə 50 faizlik tarif tətbiq edəcəyini açıqlayıb.
Çin Trampın əlavə rüsumlar təhdidinə eyni şəkildə cavab verib və ABŞ-dan idxal edilən məhsullara tətbiq etdiyi tarifi 84 faizə qaldırdığını açıqlayıb.
İki ölkə arasında rüsum hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini əvvəlcə 125 faizə, daha sonra isə 145 faizə qaldırdı.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq edilən əlavə tarifləri 90 gün təxirə salarkən, Çinə tətbiq edilən tariflər qüvvəyə minib.
Şayəstə Hüseynova