Cənubi Koreyanın Ətraf Mühit Nazirliyi Çinin DeepSeek şirkətinin süni intellekt proqramından agentliyə məxsus cihazlarda istifadəçi məlumatlarının toplanması şübhəsi ilə istifadəsini qadağan edib.
Yonhap-ın məlumatına görə, nazirlik açıqlamasında bildirib ki, “Kəşfiyyat rəsmiləri “DeepSeek”in şəxsi məlumat toplama sistemi hələ tam məlum olmadığı üçün istifadə edərkən ehtiyatlı olmağa çağırıblar”,- ifadəsindən istifadə edilmişdir.
Elchi.az xəbər verir ki, nazirlik yerli vaxtla saat 09:00-da quruma məxsus kompüterlərdən “DeepSeek”ə girişi bloklayıb.
Cənubi Koreya Daxili İşlər Nazirliyi yanvarın 31-də dövlət qurumlarına sirkulyar göndərərək, onları DeepSeek və ChatGPT kimi süni intellekt proqramlarından istifadədə “ehtiyatlı olmağa” çağırıb.
DeepSeek
Çindəki “High-Flyer Capital Management” fondu tərəfindən dəstəklənən “DeepSeek”, yanvarın 20-də digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbəli “DeepSeek-R1” modelini təqdim etdi.
Qısa zamanda bütün dünyada geniş istifadə olunmağa başlayan “DeepSeek” ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı oldu.
ABŞ Hərbi Dəniz Qüvvələri, Texas ştatı, İtaliya və Avstraliya “DeepSeek” ilə bağlı Cənubi Koreyaya oxşar qərarlar verib.
Nuranə Məmmədova