I Yazı
Son bir neçə onillikdə dünyada baş verən dəyişikliklər – böyük dövlətlər arasındakı qarşıdurmalar müdafiə sənayesinə də təsirsiz ötüşməyib. Bu dəyişikliklər ənənəvi müdafiə sənayesi sektoru üçün müəyyən maneələrlə yanaşı, yeni imkanların ortaya çıxmasına səbəb olub. Yaranmış imkanlar isə müdafiə sektorunda yeni oyunçuları formalaşdırıb. Oyunun qaydalarını bilənlər isə bu sektorda – bazarda özlərini müəyyən pay sahibi etməyi bacarıblar. Lakin silah sənayesi – bazarında olan qaydalar o qədər sərt və amansızdır ki, kiçik bir səhv nəinki ölkənin müdafiə sənayesini, o cümlədən buna sahib olan dövlətin imicinə də mənfi təsir göstərmiş olur. Yəni tələb-təklif məsələlərində diqqətli olmaq, tez-tez dəyişən beynəlxalq siyasi münasibətləri nəzərə almaq lazımdır. Söhbət, müdafiə sənayesini stimullaşdıran silah ticarətindən gedir…
Azərbaycanı da bu sektorda yeni oyunçu hesab etmək olar. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratmaqla dünya hərbi sənayesi sektorunda iddiasını ortaya qoyan Azərbaycan, mürəkkəb regionda çətin şərtlər altında işləmək məcburiyyətində qaldı. İlk növbədə isə Azərbaycan dünyada mövcud olan iki standartdan birini seçməli, inkişaf etdirməli və həmçinin, ortaya çıxan tələblərə uyğun olaraq istehsalı genişləndirməli idi.
İzah üçün qeyd edim ki, dünyada orduların silah arsenalı üçün 2 standart mövcuddur və bu standart ilk növbədə hərbi sənayedən başlayır. Yəni bəzilərinin söylədiyi kimi sıra hazırlığından, geyimdən, qoşun strukturundan deyil, məhz hərbi məhsulların texniki xarakteriskası ilə bağlıdır. Daha detallı desək, standart mərminin (patron) çapı – kalibiri ilə bağlıdır ki, bunu da atıcı silah arsenalına baxdıqda bilmək olar. Məlumat üçün deyim ki, bu, SSRİ (rus) və ABŞ standartlarıdır. Sovet standartında patronun çapı, məsələn, 9×18 mm, 7,62×39 mm, 7,62×54 mm-dirsə, digər – ABŞ standartında isə 9×19 mm, 5,56×45 mm, 7,62×51 mm-dir. Bu siyahını silah və sursat çapına uyğun olaraq daha da uzatmaq olar.
Məhz Azərbaycanın müstəqillik qazandıqdan 14 il sonra formalaşdırmaq istədiyi yerli hərbi sənaye sektoru bu dilemma qarşısında qalmışdır. Bu dilemmadan çıxış yolu isə asan olmasa da, uğurlu oldu. Azərbaycan dövləti, peşəkar mütəxəssislərimiz illərlə formalaşmış təcrübədən irəli gələrək, mövcud olanın yaradılması və inkişaf etdirilməsi üzərində istehsal xəttini formalaşdırmağa başladılar. Həmin düzgün qərar illər sonra öz bəhrəsini verdi. Bu barədə isə daha sonra mərhələli şəkildə yazacağam.
2005-ci ildə verilən qərar Azərbaycanda hələ SSRİ dövründə yaradılmış hərbi və ikili təyinatlı müəssisələrin bir mərkəzdə cəmləşdirilməsi və bu zavodların yenilənməsinə gətirib çıxartdı. Zavod və konstruktor büroları fəaliyyət istiqamətinə uyğun olaraq istehsalat birliklərində cəm olundu. Bu istehsal birlikləri birbaşa yaradılma və istehsala təkan verdi. Mərkəzi administrativ qurum isə Müdafiə Sənayesi Nazirliyi oldu. Daha dəqiqi bu istehsalat birlikləri bütövlükdə Müdafiə Sənayesi Nazirliyini təşkil etdi. Bu struktur forması problemlərin sürətli həlli üçün uğurlu hesab oluna bilər. Yəni zavodlar hər bir sualla bağlı ayrı-ayrılıqda Nazirlik rəhbərliyi səviyyəsində məsələləri qaldırmır, nəticədə daxili imkanlar stimullaşdırılır. Paralel olaraq isə kadr potensialının formalaşdırılması istiqamətində də addımlar atılmağa başlanıldı. Bu məsələdə Sovet dövründə formalaşmış mütəxəsislərin bacarığı ilə yanaşı, yeni nəslin yetişdirilməsinə də start verildi. Azərbaycan müdafiə sənayesi sektoru bir neçə ildə sonra bunun müsbət təsirini gördü.
İndi isə keçək yuxarıda toxunduğum standart məsələsinə…Əlbəttə ki, indi olduğu kimi o zamanda da fundamental və reallığı əsas gətirmədən irəli sürülən müxtəlif təkliflər var idi. Lakin Azərbaycan dövlətinin rəhbərliyi və müdafiə sənayesinə məsul olan şəxslər ordunun təlabatı, mövcud reallıqlar və daxili potensialımızı əsas gətirərək, SSRİ dövrü formalaşmış standartın üzərində dayanmağa üstünlük verdilər. Əlbəttə, sonrakı dövürdə rəqəmsal nəzəri texnologiyalar əsasında məhsulların yaradılması prosesində Qərb texnologiyasından da istifadə edildi. Amma baza istehsal xətti, yəni silah və sursatların yaradılmasında yuxarıda qeyd etdiyim çap sırasında istehsal formalaşdırıldı. Bu prosesdə meydana çıxan asan və çətin mərhələlər haqda detallı yazmaq niyyətim olmasa da, mövcud hərbi-siyasi qarşıdurmalarda dövlətin düzgün siyasət nümayiş etdirdiyi artıq bəllidir.
O zaman verilən qərar sayəsində Azərbaycan bu gün dünyanın mühüm müdafiə sənayesi sektoruna malik və inkişaf etməkdə olan istehsal xəttinə sahib olub. Ən əsası isə 1991-ci ildən başlayaraq, hələ də ölkəmizə məhdudiyyətlər tətbiq edən Qərb dövlətlərinin təsir dairəsinə özünü salmayıb. Həmçinin, silahlanmada maraqlı olan ölkələrin orduları üçün cəzbedici müdafiə sənayesi formalaşdıra bilib.
Bu doğru siyasət həm də qısa müddət sonra Azərbaycan əsgərini öz milli silahı ilə təmin olunmasına gətirib çıxardıb.
Ardı var…
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi
Ramil Məmmədli