Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çin gəmilərindən liman haqqı toplamaq cəhdinin birtərəfli və proteksionist addım olduğunu bildirərək, bunun qlobal dəniz ticarətində xərcləri artıracağını, qlobal sənaye və təchizat zəncirlərini sabitsizləşdirəcəyini vurğulayıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ABŞ limanlarında yanaşan Çin istehsalı və ya Çin bayraqlı gəmilərdən rüsum alınması planını imzalamasından sonra Çin sərt reaksiya verib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian verdiyi açıqlamada, Çinin gəmiqayırma sənayesinin inkişafının yerli şirkətlərin texnoloji yeniliklər yaratması və bazar rəqabətində fəal iştirakının nəticəsi olduğunu qeyd edərək, bunun qlobal ticarətin inkişafına və qlobal təchizat zəncirinin sabit və təhlükəsiz işləməsinə əhəmiyyətli töhfələr verdiyini bildirib.
Bir çox Amerika araşdırma hesabatına görə, ABŞ-da gəmiqayırma sənayesinin həddindən artıq qorunma səbəbiylə illər əvvəl rəqabət qabiliyyətini itirdiyinə diqqət çəkən sözçüsü Lin, Vaşinqtonun öz problemlərində Çini günahlandırmasının faktlara və iqtisadi məntiqə zidd olduğunu söylədi.
ABŞ-ın bu təşəbbüsləri dünyanın müxtəlif ölkələrinin maraqlarına zərər verir və nəticədə Amerika gəmiqayırma sənayesini canlandıra bilməz, sözçü Lin əlavə edib.
Nuranə Məmmədova