Avropa İttifaqı (Aİ) ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi tariflərə qarşı tədbirləri 90 gün müddətinə dayandıracağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen ABŞ prezidenti Donald Trampın Çindən başqa bütün ticarət tərəfdaşları üçün əlavə tarifləri 90 gün müddətinə dayandıracağını açıqlamasından sonra sosial media hesabındapaylaşım edib.
Trampın tariflərlə bağlı açıqlamalarını nəzərə aldıqlarını və danışıqlara şans vermək istədiklərini vurğulayan Von der Leyen, “Üzv dövlətlərimizdən güclü dəstək gördüyümüz AB əks tədbirlərinin qəbulunu tamamlayana qədər onları 90 gün müddətinə dayandıracağıq” – deyib.
Von der Leyen, danışıqların qənaətbəxş nəticə vermədiyi təqdirdə əks tədbirlərin görüləcəyini bildirib və əlavə edib: “Əlavə cavab tədbirləri üçün hazırlıqlar davam edir. Bütün variantlar masa üzərindədir”- deyə qiymətləndirmə aparıb.
ABŞ prezidenti Tramp dünən TruthSocial hesabında Çin mənşəli məhsullar üçün gömrük rüsumunu dərhal qüvvəyə minərək 125 faiz artırdığını açıqlayıb.
“Ümid edirəm ki, Çin tezliklə ABŞ və digər ölkələrə qarşı sui-istifadə etdiyi dövrün artıq qəbuledilməz olduğunu anlayacaq”, – Tramp açıqlamasında bildirib.
75-dən çox ölkənin nümayəndəsinin zəng edib gömrük tarifi məsələsinin həlli üçün danışıqlar aparmaq istədiklərini qeyd edən Tramp, ABŞ-a qarşı qisas almayan bu ölkələrə xoşməramlı olaraq əlavə tarifləri 90 gün müddətinə dayandırdığını və bu müddət ərzində qarşılıqlı tarif dərəcəsinin aşağı həddinin 10% olaraq tətbiq ediləcəyini açıqlayıb.
Digər tərəfdən, Aİ-yə üzv ölkələr ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi 25 faizlik tariflər səbəbilə gələn həftə ilk əks tədbirləri həyata keçirməyə dünən qərar verib.
Komissiyanın bəyanatında bu tədbirin ABŞ-ın AB-dən polad və alüminium idxalına gömrük rüsumları tətbiq etmə qərarına cavab olaraq alındığı bildirilərək, ABŞ-ın gömrük rüsumlarının ədalətsiz və zərərli olduğu, hər iki tərəfə və qlobal iqtisadiyyata zərər verdiyi vurğulanıb.
Bəyanatda Aİ-nin ABŞ ilə balanslaşdırılmış və qarşılıqlı faydalı danışıqlar prosesi vasitəsilə nəticə əldə etməyə üstünlük verdiyi və əks tədbirlərin aprelin 15-dən qüvvəyə minəcəyi qeyd edilib.
Nuranə Məmmədova