Argentina prokuroru Sebastian Basso ölkənin federal məhkəməsindən İranın ali dini lideri Ayətullah Xameneini 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzində 85 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı istintaq çərçivəsində həbs olunmasını xahiş edib.
Elchi.az bu barədə “İnfobae” xəbər agentliyinə istinadən bildirir.
Portalın məlumatına görə, 1994-cü ildə Buenos-Ayres partlayışı ilə bağlı istintaqın rəhbəri olan Basso məhkəməyə verdiyi ərizədə İran liderinin hücumun planlaşdırılması və həyata keçirilməsində əli olduğu iddiasına görə araşdırılmalı olduğunu bildirib. Basso açıqlamasında həmçinin terror aktını törətməkdə ittiham olunanların hamısının qiyabi mühakimə olunmasını tələb edib.
“Prokuror Sebastian Basso federal hakim Daniel Rafekasdan İranın ali dini lideri Əli Hüseyni Xamneyinin milli və beynəlxalq həbsinə order verilməsini istəyib. Bu tələb 1994-cü il iyulun 18-də Buenos Ayresdə törədilmiş terror aktı ilə bağlı qiyabi mühakimə tələbinin bir hissəsidir”.
“İnfobae”nin məlumatına görə, hakimin prokurorun müraciətinə baxması və bir neçə gün ərzində İranın ali liderinin həbsinə order verib-verməməsi barədə qərar verməsi gözlənilir.
Portal vurğulayır ki, Xamenei haqqında həbs qərarı Argentina ilə İran arasında münasibətləri pisləşdirə bilər.
2024-cü ildə Argentina prezidentinin sözçüsü Manuel Adorni bildirmişdi ki, Argentina 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə törədilən terror aktında iştirakına görə İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini İnterpolla xahiş edib.
1994-cü ildə Buenos-Ayresdəki yəhudi mədəniyyət mərkəzinin yaxınlığında partladılmış bomba 85 nəfərin ölümünə və 200-dən çox insanın yaralanmasına səbəb olub.Argentina keçmiş prezident Haşimi Rəfsəncani və yeddi keçmiş hökumət rəsmisi də daxil olmaqla, bir sıra yüksək rütbəli iranlıları ölkədə indiyə qədər törədilən ən böyük terror aktının təşkilində əli olmaqda ittiham edib. İran hakimiyyəti həmişə ittihamları qəti şəkildə rədd edib.
Yeganə