image-pasifik-okyanusu-depophotos-1721889_1backend

Alimlərin diqqətəlayiq araşdırması: Dünya okeanları bir vaxtlar yaşıl olub

Yapon alimlərinin apardığı yeni araşdırma nəticəsində məlum olub ki, Yer kürəsinin ilk çağlarında okeanlar indiki kimi mavi deyil, yaşıl olub. Tapıntılar nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.
Elchi.az xəbər verir ki, Yer səthinin təxminən dörddə üçü su ilə örtülüdür. Buna görə də planetimiz kosmosdan baxanda “solğun mavi nöqtə” kimi təsvir olunur. Lakin tədqiqatçıların fikrincə, milyardlarla il əvvəl mənzərə tamamilə fərqli idi.
Araşdırmalara görə, bu fərqliliyin əsası okeanların kimyəvi quruluşunda və fotosintezin təkamülündə dayanır. Milyarlarla il əvvəl Yer atmosferində oksigen yox idi. Həyat yalnız okeanlardakı təkhüceyrəli orqanizmlərdən ibarət idi.
Yağışla qurudan daşınan dəmir çaylar vasitəsilə okeanlara çatırdı. Bundan əlavə, dəniz dibindəki vulkanik fəaliyyətlər də okeanlara böyük miqdarda dəmir təmin etmişdir. Bu proses okeanların rənginin formalaşmasında əsas rol oynamışdır.
Fotosintezin təkamülü və “yaşıl okean” effekti
Tədqiqatçılar Yaponiya sahillərində yerləşən İvo Jima vulkanik adası ətrafındakı suların yaşılımtıl rənglərə malik olduğunu müəyyən ediblər. Bu rəng dəmirin oksidləşmiş formalarından biri olan Fe(III)-ə aiddir.
Bölgədə ibtidai bakteriya növləri olan mavi-yaşıl yosunlar kimi tanınan orqanizmlər çox yayılmışdır. Bu canlılar fotosintez zamanı xlorofillə yanaşı, fikoeritrobilin (PEB) adlı xüsusi piqmentdən də istifadə edirlər. Laboratoriya təcrübələri göstərdi ki, bu piqment yaşıl işıq altında fotosintezi daha səmərəli həyata keçirir.
Tədqiqatçılar qeyd edirlər ki, Arxey dövründə (təxminən 3,8-2,5 milyard il əvvəl) dənizlərdə oksigen olmadığından okeanlar oksidləşməmiş dəmirlə zəngin idi. Bu, yaşıl su tonlarının üstünlük təşkil etdiyi bir mühit yaratmış ola bilər.
Okeanlar yenidən rəngini dəyişə bilərmi?
Araşdırmaya görə, okean rəngindəki dəyişikliklər sadəcə keçmişdə qalmayıb. Kükürdün miqdarı çox olarsa, bənövşəyi okeanlar, dəmir miqdarı çox olarsa, qırmızı okeanlar mümkündür. Buna intensiv vulkanik fəaliyyət və ya qlobal iqlim dəyişikliyi kimi amillər səbəb ola bilər.
Alimlər vurğulayırlar ki, okeanların rəngi birbaşa suyun kimyası və canlı həyatla bağlıdır. Günəş yaşlandıqca okeanların tamamilə buxarlanacağı və rənginin yenidən dəyişəcəyi proqnozlaşdırılır.
“Geoloji zaman şkalasında heç nə qalıcı deyil. Okeanların rəngi bu dəyişikliyin təbii hissəsidir”, – tədqiqatçılar bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki