Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Qəzzada fələstinliləri zorla köçürmə planını rədd etdiklərini vurğulayaraq, İttifaqın iki dövlətli həll yolunu dəstəklədiyini bildirib.
Elchi.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə təşkil edilən Qəzza üzrə Ərəb Zirvəsinə qatılan Kosta, X hesabından mövzu ilə bağlı paylaşım paylaşıb.
Aİ adından toplantıda iştirak etməkdən şərəf duyduğunu bildirən Kosta, İttifaqın sülhün bərqərar olması və Qəzzanın yenidən qurulması üçün ərəb tərəfdaşları və beynəlxalq ictimaiyyətlə işləməyə hazır olduğunu bildirib.
“Biz Qəzzada, İordan çayının qərb sahilində və ya dünyanın hər hansı bir yerində demoqrafik və ya ərazi dəyişikliyi cəhdini qəti şəkildə rədd edirik” – deyə Kosta bildirib.
Kosta Aİ-nin İsrail-Fələstin məsələsində iki dövlətli həll yolunu dəstəklədiyini təsdiqləyərək deyib: “İki dövlətli həll Fələstin və İsrailin terror təhlükəsindən azad olaraq sülh və təhlükəsizlik içində yan-yana yaşaya biləcəyi sülhə aparan yeganə yoldur”.
Ərəb sammitində Qəzza zolağının yenidən qurulması müzakirə olunacaq
ABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı fələstinlilərin məcburi köçkün edilməsini və qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada salınacaq yeni qəsəbələrə sürgün edilməsini təklif edib.
Daha sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Tramp Qəzzanın tamamilə məhv edildiyini və fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarələrinin olmadığını müdafiə edərək, ABŞ-ın Qəzza zolağının nəzarətinə keçəcəyini bildirib.
Trampın təklifinə cavab olaraq ərəb ölkələri, xüsusilə də Misir, fələstinlilərin Qəzza zolağında qalmasına imkan verəcək yenidənqurma planı üzərində çalışdıqlarını bildiriblər.
Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin fələstinliləri köçürmədən Qəzza zolağının yenidən qurulması üçün hərtərəfli plan hazırladığını açıqlayıb.
Qahirədə keçiriləcək Ərəb Dövlətləri Sammitində Qəzza zolağının yenidən qurulması müzakirə olunacaq.
Nuranə Məmmədova