Beynəlxalq Enerji Agentliyinin (IEA) dərc etdiyi yeni hesabata görə, süni intellekt texnologiyalarına qlobal maraq 2030-cu ilə qədər bu sahədəki məlumat mərkəzlərinin enerji istehlakını dörd dəfə artıracaq. Lakin ekspertlər bu artımın iqlim böhranı ilə mübarizə üçün düşünüldüyü qədər böyük təhlükə yaratmadığını bildirir.
Elchi.az xəbər verir ki, hesabata görə, təkcə ABŞ-da məlumatların işlənməsi fəaliyyətləri, xüsusən də süni intellekt 2030-cu ilə qədər polad, sement və kimya istehsalı kimi enerji tutumlu sektorların birləşməsi ilə müqayisədə daha çox elektrik enerjisi istehlak edəcək.
Qlobal miqyasda məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatının 2030-cu ilə qədər iki dəfədən çox artacağı gözlənilir. Bu artımın ən böyük səbəbi süni intellekt üçün xüsusi olaraq qurulan məlumat mərkəzlərinə tələbat olacaq.
Bir məlumat mərkəzi bu gün orta hesabla 100.000 ev təsərrüfatları qədər elektrik enerjisi istifadə etdiyi halda, tikilməkdə olan bəzi yeni mərkəzlərin enerjidən 20 dəfəyə qədər istifadə edəcəyi gözlənilir.
“Süni intellekt düzgün istifadə olunarsa, iqlim üçün bir fürsət ola bilər”
“Süni intellektin yüksəlişi ilə enerji sektoru zəmanəmizin ən mühüm texnoloji inqilablarından birinin mərkəzində dayanır. Süni intellekt potensial olaraq son dərəcə güclü bir vasitədir. Amma ondan necə istifadə edəcəyimiz cəmiyyətlərimizdən, hökumətlərimizdən və şirkətlərimizdən asılıdır”, – BEA-nın prezidenti Fatih Birol bildirib.
Hesabatda vurğulanıb ki, süni intellekt enerji istehlakını artırsa da, enerji səmərəliliyinin artırılması, ictimai xidmətlərin daha effektiv planlaşdırılması və bərpa olunan enerjinin inteqrasiyasının asanlaşdırılması kimi sahələrdə əhəmiyyətli faydalar verə bilər. Bu çərçivədə, süni intellektə əsaslanan sistemlərin uzunmüddətli perspektivdə istixana qazı emissiyalarını azalda biləcəyi ifadə edilir.
Şayəstə Hüseynova