Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşündən əməli nəticələr gözlədiklərini bildirib.
“Mən məhbusların azad edilməsini və uşaqlarımızın geri qaytarılmasını xüsusilə vurğuladım. Bu, diplomatik səylərdə etimadın yaradılmasında mühüm addım ola bilər. Vəliəhd şahzadə bin Salman Rusiya-Ukrayna müharibəsində əsl sülhün əldə olunması üçün səylər göstərib. Səudiyyə Ərəbistanı diplomatiya üçün çox mühüm platforma təklif edir və biz bunu yüksək qiymətləndiririk”, – deyə Zelenski bildirib.
ABŞ və Ukrayna nümayəndə heyətlərinin bu gün Səudiyyə Ərəbistanında görüşərək müharibənin dayandırılması üsullarını müzakirə edəcəklərini xatırladan Zelenski, “Ukrayna heyəti ABŞ komandası ilə işləmək üçün martın 11-i çərşənbə axşamı Ciddədə qalacaq və biz əməli nəticələrə ümid edirik. Ukraynanın bu danışıqlarda mövqeyi tamamilə konstruktiv olacaq” dedi.
Şayəstə Hüseynova