ABŞ Dövlət katibi Marko Rubio araşdırmalardan sonra Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83 faizinin ləğv edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Rubio X hesabında ABŞ prezidenti Donald Tramp administrasiyasının hədəf aldığı USAID proqramları ilə bağlı açıqlama verib.
Rubio qeyd edib ki, USAİD-in 6 həftəlik araşdırması aparılıb və agentliyin proqramlarının 83 faizi rəsmi olaraq ləğv edilib.
Rubio qeyd edib ki, ləğv edilmiş 5200 müqavilə ABŞ-ın milli maraqlarına xidmət etməyən on milyardlarla dollar xərclə nəticələnib.
USAID ətrafında mübahisələr
ABŞ prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardım haqqında fərman imzalayıb.
Fərmanda Birləşmiş Ştatların xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərdən digər ölkələrə ödənişləri kəsəcəyi və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün 90 günlük yoxlama dövrünə başlanıldığı qeyd edilib.
ABŞ Dövlət Departamenti də yanvarın 27-də Departament və USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.
Trampın baş müşaviri Elon Mask da işçilərin USAID menecerləri ilə bağlı problemlərə görə “inzibati məzuniyyətə” verildiyini açıqlayıb. Agentliyin sosial media hesabları da bağlanıb.
Vaşinqton Rayon Məhkəməsinin hakimi Əmir Əli daha sonra USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin müvəqqəti bərpasına qərar verib.
Nuranə Məmmədova