Suriya İnsan Haqları Şəbəkəsinin məlumatlarına görə, Suriyada Baas rejimi zamanı zorla yoxa çıxan və nəzarətə alınan 112 min 414 nəfərin taleyi hələ də qaranlıq olaraq qalır.
Elchi.az xəbər verir ki, Suriyada 61 illik Baas rejiminin süqutundan sonra rejimin həbsxanalarda minlərlə insana işgəncə verməsi və mühakimə olmadan edam etməsi gündəmə gəlib.
Suriya üzrə həbsxanalardakı bütün məhbuslar azadlığa buraxılıb, lakin azad edilənlərin sayı zorla yoxa çıxanların sayından çox az olduğundan, on minlərlə ailə hələ də yaxınlarının taleyinin açıqlanmasını gözləyir.
Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) sədri Fadl Əbdülqəni verdiyi açıqlamada Əsəd rejiminin 2018-ci ildə zorla itkin düşən çoxlu suriyalını qətlə yetirdiyini, onlardan 3 mindən çoxunun öldürüldüyünə dair əllərində dəlillər olduğunu bildirib.
Məlumatları daim yenilədiklərini qeyd edən Əbdülqəni noyabrın 28-də Hələbdə, 5-də Həmada, 7-də Humsda, 8-də isə Dəməşqdə həbsxana və təcridxanalardan buraxılanları qeydiyyata almağa çalışdıqlarını bildirib.
Şayəstə Hüseynova