ABŞ-da göy öskürək halları həyəcan verici dərəcədə artıb. 2025-ci ilin ilk dörd ayında aşkar edilən 8,485 hadisə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Mütəxəssislər bu yüksəlişdə peyvənd tərəddüdünün və immunizasiya xidmətlərinin azalmasının təsirli olduğunu vurğulayırlar.
Elchi.az xəbər verir ki, tənəffüs yollarının bakterial infeksiyası olan göy öskürək (tibbdə göyöskürək kimi tanınır), xüsusilə körpələr və kiçik uşaqlar üçün həyati təhlükə yaradır. Şiddətli öskürək tutmaları ilə özünü göstərən xəstəlik tənəffüs tutulması, pnevmoniya və qıcolma kimi ciddi fəsadlara səbəb ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 24 milyon göy öskürək hadisəsi və 5 yaşa qədər uşaqlarda 160 mindən çox ölüm hadisəsi baş verir.
COVID-19-dan sonra sürətli artım
2020-2022-ci illərdə pandemiya ilə əlaqədar bağlanmalar, maskalardan istifadə və sosial uzaqlaşma tədbirləri sayəsində göyöskürək halları çox aşağı səviyyələrə düşüb. Lakin son iki ildə bu tendensiya geri çəkilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 2024-cü ildə 35 000-dən çox hadisənin qeydə alındığını bildirdi. Bu rəqəm pandemiyadan əvvəlki 2019-cu ildəki halların sayından təxminən iki dəfə çoxdur.
2024-cü ilin oktyabrından 2025-ci ilin aprelinə qədər ABŞ-da iki körpə, bir uşaq və bir yetkin göy öskürəkdən ölüb.
Şayəstə Hüseynova