Vaşinqton və Kiyev arasında imzalanan nadir torpaq metalları haqqında saziş 57 növ faydalı qazıntının – uran, neft, xrom, kobalt, platin və s. hasilatını əhatə edir.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Avropa həqiqəti” nəşri yazır.
Xüsusilə, müqavilədə alüminium və xromun hasilatından bəhs edilir. Həmçinin razılaşmalar mis, berillium, sink, titan, qalay, litium və onlarla digər metalların hasilatını əhatə edir. Faydalı qazıntıların siyahısı yalnız hər iki tərəfin razılığı ilə genişləndirilə bilər.
Ukrayna ABŞ şirkətlərinə nadir torpaq metallarının hasilatı üçün lisenziyaların alınmasında “birinci əl hüququ” verməyib. Bundan əlavə, sazişdə yataqların işlənməsi zamanı iki ölkənin əməkdaşlığının siyasi parametrləri və Vaşinqton tərəfindən Kiyevə yardımın, o cümlədən hərbi yardımın göstərilməsi təsbit edilib.
“Sənəd yalnız yeni yataqları əhatə edir ki, bunlara lisenziyaları Ukrayna saziş qüvvəyə mindikdən sonra verəcək”, – nəşr qeyd edib.
Bildirək ki, mayın 1-nə keçən gecə ABŞ və Ukrayna nadir torpaq metalları haqqında saziş imzalayıblar. Müqavilə hasilat sahəsində birgə layihələrin həyata keçirilməsi üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur.