Məlumata görə, İsrail hökuməti Fransadan gələn nümayəndə heyətinin işğal altındakı İordan çayının qərb sahilinə daxil olmasına mane olub.
Elchi.az xəbər verir ki, Fələstinin Beytüllahim Bələdiyyəsindən verilən yazılı açıqlamada, Fransa Birləşmiş Şəhərlər Təşkilatı və Fələstin üzrə Mərkəzləşdirilməmiş Əməkdaşlıq Şəbəkəsinin təşkil etdiyi “2025 Fələstin İli” təşəbbüsü çərçivəsində Fransanın təxminən 50 yerli özünüidarəetmə nümayəndə heyətinin İordan çayının qərb sahilinə daxil olmasına İsrailin mane olduğu qeyd edilib.
İsrailin Fələstinin bir neçə şəhərini ziyarət etməli olan nümayəndə heyətini əngəlləməsini tənqid edən bəyanatda bu qərarın “bütün qırmızı xətlərin açıq şəkildə pozulması” və “Fələstin və Fransa xalqlarını birləşdirən beynəlxalq və mərkəzləşdirilməmiş əməkdaşlıq əlaqələrinə qəbuledilməz müdaxilə” olduğu vurğulanıb.
Bəyanatda deyilir ki, İsrailin bu cür qərarları təkcə mülki təşəbbüslərə zərbə vurmur, həm də regionda sabitliyin şərti olan ədalətli və davamlı sülhə can atan aktyorları cəzalandırır.
Bəyanatda həmçinin qeyd olunub ki, İsrailin bu addımı Fələstin xalqını təcrid etmək və sülhsevər diplomatik kanallar vasitəsilə istənilən dialoq cəhdlərinə mane olmaq məqsədi daşıyan sistematik siyasətin bir hissəsidir.
Şayəstə Hüseynova