Moskvada təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda Rusiya prezidenti Putin rus sülhməramlıların müharibədən sonrakı rolu, təhlükəsizliyi təmin etmək missiyası, humanitar problemlərin həlli haqqında danışaraq bildirib ki, Rusiya Qarabağ zonasında münaqişənin həlli işində həlledici rol oynayıb.
Putinin bu çıxışına Ermənistanın ekspert dairələri və mətbuatı fərqli şərhlər verib.
“1in.am” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Putinin bəyanatı növbəti dəfə sual yaradır ki, niyə Rusiya daha öncə “qəti” addım atmayıb və Qarabağda daha öncə, müharibədən öncəki mərhələdə sülhü bərqərar etməyib?
“İki cavab var: bacarmayıb və ya istəməyib. Bunlar prinsipial əhəmiyyətə malik olan fərqli cavablardır.
Məsələ burasındadır ki, Putinin Qafqazda baş vermiş müharibəni özünün hərbi-siyasi uğuru kimi təqdim etmək problemi var. Əsas əhəmiyyətli bir şey baş verib. Yüzilliklər boyu rus təsir zonası kimi baxılan, Rusiyanın birmənalı məsuliyyət və təsir sahəsi kimi nəzərdən keçirilən Qafqazda Türkiyə peyda olub və Azərbaycanda hərbi baza yerləşdirmək haqqında danışır, Türkiyə prezidenti isə Azərbaycanlı həmkarı ilə Qafqazın ürəyində, Şuşada hərbi-siyasi bəyannamə imzalayır.
Putin ya Rusiyanın Qafqaz siyasətinin məğlubiyyətini qəbul etməlidir, ya da bütün bunları özünün qələbəsi, “həlledici” müdaxiləsi və rolu elan etməlidir. Belə görünür ki, bu, həqiqətən də qələbədir, nə də olsa, türklər Şuşadadırlar, ruslar isə Xankəndidədirlər, Qarabağın qalan hissəsi əslində böyük rus hərbi bazasına, dayaq məntəqəsinə çevrilib. Lakin bu, ən azından o sadə səbəblə məğlubiyyətdir ki, Rusiya buna özünün strateji müttəfiqi hesab edilən dövləti böyük məğlubiyyətə apararaq nail olub.
İndi Moskva özünün həm daxili, yəni Kreml, həm Azərbaycan lobbisinin altında olan, həm də Ermənistandakı təsiri sahəsində yerləşən ekspert cəmiyyəti vasitəsilə ardıcıl təbliğatla belə bir şeyi təsbit etməyə çalışır ki, bu, Ermənistanın məğlubiyəti olub, üstəlik, bu, müttəfiqlə münasibəti korlamaq nəticəsində olub. Münasibətin korlanması isə məxməri inqilabla baş verib”, – deyə məqalədə qeyd olunur.
Müəllif yazır ki, bu, məğlubiyyətdir, rus regional siyasətinin biabırçı məğlubiyyətidir, çünki böyük dövlət olduğunu iddia edən nüvə ölkəsi öz müttəfiqi hesab edilən dövlətin maraqlarını hərbi məğlubiyyət və itkilər bahasına təhvil verərək məsələləri həll etməyə məcbur olub.
“Buna görə də bu, Rusiya prezidentinin tam iradəsi ilə olubsa belə, Rusiyanın məğlibiyyətinin əlamətindən başqa bir şey deyil. Üstəlik, Ermənistanın məğlubiyyəti həm də ona görə təhrik edilib ki, Rusiyanın məğlubiyyəti bununla ört-basdır edilsin.
Çünki qeyd-şərtsiz şəxsi təsir zonası kimi nəzərdən keçirilən regionlarda bu cür tələblər birmənalı olaraq Rusiya daxilində ciddi psixoloji-siyasi nəticələrə malik ola bilər. Digər tərəfdən sual yaranır ki, bu nəticələri gələcəkdə necə ört-basdır etməyə çalışacaqlar?”, – deyə məqalədə qeyd olunub.ordu