Özbəkistan beynəlxalq təcrübəyə, xüsusilə də Azərbaycanın təcrübəsinə əsaslanaraq kənd təsərrüfatında səmərəli sığorta sistemini yaratmaq niyyətindədir.
Elchi.az Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin və digər aidiyyəti qurumların təmsilçilərindən ibarət nümayəndə heyətləri kənd təsərrüfatı sahəsində sığorta sistemlərini öyrənmək üçün Azərbaycan və Türkiyəyə səfər edirlər.
“Hər iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri, sığorta tənzimləyiciləri, sığorta fondları və digər təşkilatların nümayəndələri ilə görüşlər keçirilir. Əsas diqqət aqrar sığorta sahəsində təcrübə mübadiləsinə, rəqəmsal həllərin tətbiqinə, süni intellektdən istifadəyə və aqrar sektorda məlumatların təhlilinə yönəldilib”, – məlumatda qeyd olunub.
Tərəflər kənd təsərrüfatı istehsalçılarının müdafiəsi üçün sığorta mexanizmlərinin inkişafı, proseslərin rəqəmsallaşdırılması və fermerlər üçün rahat elektron platformaların yaradılmasını müzakirə edirlər.
“Danışıqların sonunda Özbəkistanda bir sıra həllərin tətbiqi barədə razılığa gəlinib. Bu tədbirlərin Özbəkistanın aqrar sektorunun dayanıqlılığını gücləndirəcəyi, iqlim və bazar risklərindən daha səmərəli müdafiəni təmin edəcəyi gözlənilir”, – məlumatda vurğulanıb.