Bəzi tarixi qeydlərdə e.ə. VII əsrdə yaşadığı iddia edilən sak türklərindən olan Alp Ər Tonqa əfsanəyə çevrilən türk xaqanıdır. İddiaya görə, Azərbaycanın da daxil olduğu böyük bir coğrafiyada Turan İmperiyası qurub. Adı həm “Divani lüğət-ət türk”, həm “Kutadqu bilik”də çəkilən Alp Ər Tonqa fars şairi Firdovsinin əsərində “Əfrasiyab”, yəni “İranın düşməni” adlandırılır. Səlcuq türklərinin atası sayılan və Türkmənistanda Mərv şəhərini qurduğu deyilən Alp Ər Tonqanın məzarı həmişə tarixçilər tərəfindən axtarılıb.
Alp.az xəbər verir ki, Özbəkistanın Buxara şəhərində araşdırma aparan Türkiyənin Qazi Universitetinin professoru Necati Dəmir Alp Ər Tonqanın məzarını tapdığını iddia edib.
Tvitterdə bir açıqlama verən Dəmir qeyd edib: “Hörmətlə türk dünyasına elan edirik. Türklüyün atası Alp Ər Tonqanın məzarını Buxarada tapdım. Ətraflı məlumat yaxın günlərdə türk dünyasına açıqlanacaq”.
Məzarın təfərrüatları haqqında məlumat verməyən Dəmir “Hürriyət” qəzetinə açıqlamasında bildirib: “Qədim ərəb və fars mənbələrində Alp Ər Tonqanın məzarının Buxarada olduğu deyilirdi. Mən də bölgədəki tarixçilər və tədqiqatçılardan dəstək aldım. Təfərrüatları yaxın günlərdə açıqlayacağam”.
Təxminən 25 ildir bu mövzuda məlumat topladığını və böyük arxivə sahib olduğunu deyən Dəmir 3 ayrı Alp Ər Tonqa dastanının üç nüsxəsini tapdığını və üzərində çalışdığını söyləyib:
“Buxaralı bir yazarımız var. Narşahi adlı yazardır, 942-ci ildə bir kitab qələmə alıb. Orada Buxara şəhərinin Alp Ər Tonqa tərəfindən qurulduğunu söyləyir. Alp Ər Tonqanın bu şəhərdə yaşadığı və öldüyünü, məzarının Buxarada olduğunu qeyd edir. Mənbələr də məzarının orada olduğunu deyirlər. Mövcud mənbələrdən bəziləri məzarın tam olaraq harada olduğunu qeyd edirlər”.
Onun sözlərinə görə, indi təhlükəsizlik səbəbiylə məzarın yerini açıqlamaq mümkün deyil: “Əlimdəki bütün məlumatları Özbəkistan dövlətinə təqdim etmişəm. Sənədlər Özbəkistan prezidentinin masasındadır. Məqsədim çox böyük bir türbə və ya muzey tikdirməkdir”.
Necati Dəmir iskitlərin məzarlarının üzərində heç bir qeydin olmadığını, buna görə də Alp Ər Tonqanın da məzarında yazıların olmadığını söyləyib:
Məzarın yerinin necə tapdığı soruşulduqda Dəmir deyib: “Ərəb və fars mənbələrində bir müqəddəsin məzarından bəhs edilir, bunun bir övliyanın türbəsinə yaxın olduğu deyilir. Mən əvvəlcədən xəritələr hazırlamışdım. Övliyanın türbəsinin yerini tapdım”.Teleqraf.com