Ermənistan müxalifətinin aksiyaları davam edir. Aksiya iştirakçıları nə qədər inakar görsənsələr də uğur qazana bilməyəcəkləri aydındır. Çünki Ermənistan vətəndaşları Qarabağ mövzusu ilə meydana çıxmaq niyyətində deyil. Azsaylı aqressiv kütlə ilə Nikol Paçinyanı istefaya məcbur etmək isə real deyil.
Müxalifətin əlində kozur kimi saxladığı Qarabağ kartının artıq effektli olmadığı gün kimi aydındır. Amma müxalifət nəyəsə nail olmaq üçün dəridən-qabıqdan çıxır. Əslində bu cəhdlərin arxasında Rusiyanın dayandığı gün kimi aydındır. Azərbaycanın Qarabağa şəriksiz sahib olmaq istəyi Rusiyanı rahat buraxmır. Çünki Qarabağ Rusiyanın Qafqazda qalması üçün ən ciddi rıçaqdır.
Sözsüz ki, Rusiyanın əlində Cənubi Osetiya və Abxazya kartları da var. Amma bu kartların effektivliyini Saakaşvili sıfıra endirib. Bu gün də Gürcüstanın bu bölgəlrələ bağlı taktikası öz bəhrəsini verir. Dünya bu bölgələri Gürcüstanın bir hissəsi hesab edir, bu bölgənin əhalisi digər bölgələrlə müqayisədə geridə qaldıqlarını anlayır və sairə…
Bu situasiyada Azərbaycanın Qarabağda öz suveren hüqularını tam bərpa etməkdə israrlı olması Rusiyanı təbii ki, ciddi narahat edir. Buna görə də Ermənistandakı revanşist qüvvələri hərəkətə gətirir. Amma yuxarıda dediyim kimi artıq Qarabağ çağırışı ilə Ermənistan vətəndaşını küçələrə çıxartmaq mümkün deyil. İndi Ermənistan vətəndaşı demokratiya və firavan həyat arzusunun reallaşmasını istəyir. Ermənistan müxalifəti isə bu tələblərə cavab vermir.
İndi müxalifət Ermənistan vətəndaşına təsir imkanları axtarır və çox bəsit uydurmalara əl atır.
Müxalifətin ruporları artıq hərəkətə keçib. Hetq.am saytı Paşinyanın “günahı” ucbatından 2021-ci ilin mayında Ermənistanın 3200 hektar ərazini itirdiyini yazıb.
Azərbaycanın düz xətt boyunca 3,8 kilometr Ermənistan ərazisinə girdiyi iddia olunur. Bu bölgədən Göyçə gölü akvatoriyasına tam nəzarət olunur və artilleriya üçün atəş məsafəsindədir.
Bu iddiaların arxasında iki məqsəd var:
Birincisi – Ermənistan vətəndaşına təsir etmək.
İkincisi – Ermənistanın suveren ərazilərinin Azərbaycan tərəfindən tutulduğunu gündəmə gətirməklə KTMT faktorunu işə salmaq.
Və sözsüz ki, hər iki məqsəd Rusiyanın maraqlarına xidmət edir.
Amma bu çabaların nəticə verəcəyi perespektivi hələ ki, görsənmir. Paşinyanın sözçüsünün dünən müxalifətə istefa ilə bağlı “qulağınızın dalını görəsiniz” mesajı və bu gün də müxalifətin aksiyaların Vanadzorda davam edəcəyini bildirməsi situasiyanı analiz etmək üçün kifayət edir. Görünən odur ki, dinc yolla Paşinyanı devirmək mümkün olmayacaq. Rusiyanın Ukraynadakı fiaskosundan sonra Ermənistanda kritik addımlar atması məntiqli görünmür.
Asəf Quliyev