image-irevanbackend

Vurulmuş “Xankəndi kartı”, Paşinyanın sülh həmləsi –2022 müqavilə ili olacaqmı?

2021-ci ilin son günləri bölgədə vəziyyət sabit görünür. Ermənistanın baş naziri Qarabağın “status” məsələsini dəfn edən bəyanatlar səsləndirdi. Onun bu son bəyanatları Qarabağda rusiyalı sülhməramlıların ətəkləri altında gizlənən separatçı quldurları və quldurbaşı Araik Arutyunyanı “özündən çıxardı”. Bir çoxları hesab edir ki, Nikol Paşinyan artıq Ermənistanda öz rəqiblərini neytrallaşdırdığı üçün bu qədər rahat danışır. Eyni zamanda Paşinyanın erməni cəmiyyətini sülhə hazırladığını iddia edənlər də var.

İndi hər kəsi düşündürən bir sual var: 2022-ci il Ermənistanla Azərbaycan arasında böyük sülh ili olacaqmı?

Politoloq Tofiq Abbasov müsahibəsində söyləyib ki, sülh sazişi hazırda əsas məsələ deyil:

– Tofiq bəy, Ermənistanın baş naziri son açıqlamalarında İrəvanın sülhlə bağlı ilıq mövqe tutduğunu açıqladı. Qarabağın “statusu” məsələsini də dəfn elədi. Necə düşünürsünüz, 2022-ci il Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsi ili ola bilərmi?

– Bilirsiniz, Nikol Paşinyan prosesləri daxilən, özü üçün anlayır. Hətta vaxtaşırı çox ehtiyatlı, konstruktiv ruhda olan bəyanatları da səsləndirir. Ermənistanın baş naziri anlayır ki, o birdən – birə həqiqətin özünü deyə bilməz. Çünki Ermənistan cəmiyyətində faktiki olaraq bu məsələyə hazırlıq demək olar ki, yoxdur. Digər tərəfdən, Ermənistan cəmiyyəti ilə yanaşı, onun opponentləri, Paşinyana müxalif olan qüvvələr baş nazirin ağzından bir şey eşidən kimi dərhal həmin fikirlərə rəng verirlər. Sonra da həmin fikirlərə görə Nikol Paşinyana qarşı ittihamlar səsləndirirlər. Eyni zamanda, onun səsləndirdiyi fikirlərə görə, baş naziri “məhkum edirlər”. Buna görə də Nikol Paşinyan vaxtaşırı Ermənistanla Azərbaycana arasında kommunikasiyaların açılması ilə bağlı ürəkaçan fikirlər səsləndirir. Digər tərəfdən, Ermənistanın gələcəyi üçün İrəvanın Bakı və Ankara ilə münasibətlər qurmasını vacib sayır. Bir sözlə, Ermənistanın hazırkı baş naziri bütün bunların hamsısını epizod şəklində deyir. Amma proqram şəklində deyə bilmir.

– Niyə? Bəlkə Nikol Vovayeviçi qorxuya salan başqa səbəblər də var?

– Ona görə deyə bilmir ki, hələ özü də bütün bunlara, dediklərinə hazırlığı yoxdur. Eyni zamanda, cəmiyyət də hazır deyil. Ona görə də Paşinyan ilk növbədə Ermənistan cəmiyyətini proseslərə hazırlayır ki, cəmiyyət də nələrin baş verəcəyinə hazır olsun. Çünki Ermənistanın Azərbaycanla dirəşməyə potensialı qalmayıb. Bunu Nikol Paşinyanın özü də yaxşı başa düşür. Yadınıza gəlirsə, Nikol Paşinyan bütün bunları nəzərə alaraq hələ hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycan prezidenti İlham Əliyevdən Sankt-Peterburqda və Düşənbədə keçirilən görüşlərdə möhlət istəmişdi. O vaxt Paşinyan da bildirmişdi ki, o proseslərin həllini sülh məcrasına yönləndirəcək. Doğrudur, o, bunu edə bilmədi. Ona görə də cəmiyyətdən gələn sifarişə əməl elədi və qarşıdurmanı sona qədər aparmaq yolunu tutdu. Dedi ki, bunu istəyirsinizsə, onda müharibə yolunu tutaq. Nəticəsi də hər kəsə məlumdur. Artıq bir neçə gün idi ki, müharibə gedirdi, artıq Ermənistan ordusunun mövqeləri itirdiyi, duruş gətirə bilmədiyi hamıya məlum idi. Nikol Paşinyan parlamentdə çıxışında söylədi ki, müharibəni dayandıraq, yoxsa vuruşaq?! Parlamentdəkilər də birmənalı olaraq bildirdilər ki, vuruşaq, dayanmayaq. Onlar deyirdilər ki, biz onsuz da Azərbaycana qalib gələcəyik. Bu yolla Nikol Paşinyan özünü sığortaladı. Bildirdi ki, vuruşmağımızı istəyirdiniz, biz də vuruşduq. 44 günlük müharibədən sonra Ermənistan özünün müdafiə potensialını itirdi. Ordusu darmadağın olub. Qarabağda da bir yığın pərən-pərən düşmüş silahlı dəstələr qalıb. Ermənistanın baş naziri də başa düşür ki, artıq ölkəsinin başqa alternativi yoxdur. Bir dənə seçim varsa, o da sülhdür. Bu baxımdan da Paşinyan asta-asta erməni cəmiyyətini sülhə hazırlayır. Təkcə cəmiyyəti yox, həm də ətrafında olan qüvvələri… Paşinyan çalışır ki, konstruktiv səslənən fikirlərlə öz müxaliflərini, rəqiblərini də tərk-silah etsin.

– Bəs bu Nikol Paşinyanda alınacaqmı?

– Əlbəttə, məncə bu alınacaq. Çünki ilk növbədə Paşinyanın özü üçün hakimiyyətdə bərkimək, möhkəmlənmək lazımdır. Digər tərəfdən, konstruktiv ideyaların, fikirlərin, paradiqmaların arxasınca yığılan qüvvələrin də sayı artmalıdır ki, Paşinyan sülhə nail olmaq üçün inamsız tərzdə deyil, qətiyyətlə hərəkətə keçsin.

– Bəs belə məqamda “Xankəndi kartı”nın önəmi qalıbmı?

– Mənə elə gəlir ki, “Xankəndi kartı” artıq vurulmuş kartdır. Yəni onun heç bir perspektivi yoxdur. Baxın, Fransada prezidentliyə namizəd olan bir xanım durub Xankəndinə icazəsiz səfərə gəlir. Buna qədər Zemur da İrəvana gəlmişdi, amma o çox ağıllı tərpəndi. Fitvaya getmədi və Xankəndinə yollanmadı. Amma Pekers göstərdi ki, siyasi cəhətdən “piyada”dır, çox zəif adamdır. Çünki özü üçün problem yaradır. Hələ prezidentliyə qədəm qoymayıb, amma buna qədər Azərbaycanla münasibətlərini korlayır. Bu, onun zəifliyinin təzahürüdür. Eyni zamanda, gözüqıpıqlığının nümunəsidir. Məhz bütün bunlara görə “Xankəndi kartı” vurulmuş kartdır. Bu kart çoxdan vurulub. Çünki hələ xeyli bundan əvvəl Azərbaycan deyirdi ki, onun ərazisində ikinci erməni dövləti yaradılmayacaq. Bizim ərazilərimizdə ikinci erməni dövləti ola bilməz. Biz bunu dedik və isbat etdik. Ona görə də İrəvanla Xankəndi arasındakı “münasibət”lər də çökməlidir. Onların arasında heç bir münasibət ola bilməz.

– Bəs orada yaşayan ermənilərin aqibəti necə olacaq?

-Xankəndidə bir yığın erməni qalıb. Onlar da Azərbaycan vətəndaşlarıdır. Onlar əvvəl-axır Azərbaycan Konstitusiyasını qəbul etməyə hazır olacaqlar. Bunu istəməyənlər də rədd olub gedəcəklər. Odur ki, Paşinyanın hazırkı məsələsi Qarabağda qalmış 20 min erməninin müqəddəratını həll etmək deyil. Bu mümkün də deyil, onun əsas vəzifəsi Ermənistanı ayağa qaldırmaqdır. Ən azından ölkəsinin əhalisinə ümid verməkdir. Ermənilər üçün sosial rifah yaratmaqdır. Bu baxımdan da mən başa düşürəm ki, proseslər düzgün məcrada inkişaf edir. Faktiki olaraq Ermənistan 2022-ci ildə elə bir vəziyyətə gəlib çatır ki, artıq yeni ildə sülhə, kommunikasiyaların açılmasına doğru inamlı addımlar atılır.

– 2020-ci ilin sonuna qədər biz böyük sülh sazişinin imzalanmasını gözləyəkmi?

– Faktiki olaraq 2020-ci ilin 10 noyabrında tərəflər sülh sazişinə imza atıblar. Doğrudur, burada Rusiya sülh prosesinin moderatoru rolunda çıxış edir. Amma Azərbaycan və Ermənistan rəhbərləri ona imza atıblar. Bəzi qüvvələrə isə sülh sazişi lazım deyil. Azərbaycan buna hazırdır. Hətta Ermənistan da faktiki olaraq hazır görünür. Amma kənardan fitva verənlər, fəsad törədənlər çalışır ki, prosesi bir qədər süründürsünlər. Bu saziş imzalanmadan da proseslər sülhə doğru hərəkət edir. Çünki Ermənistanın başqa variantı yoxdur. Baş verən toqquşmalar müharibə deyildi, müharibə deyildi. Çünki Ermənistan Azərbaycana müharibə elan etməmişdi. Bu, elan olunmamış müharibə idi. Tarixi mənbələrə də Qarabağda baş verənlər münaqişə kimi düşüb. Münaqişənin bitməsi ilə bağlı sülh sazişinin imzalanması artıq nöqtənin vurulmasıdır. Yəqin ki, Paşinyan sülh müqaviləsini imzalamaq üçün qorxur. Onun hələ ki, belə bir qətiyyəti yoxdur. Digər tərəfdən, özü də bilmir ki, belə bir addım atarsa, ölkəsində buna münasibət necə olacaq. Bu, əsas məsələ deyil. Mənə görə artıq sülh sazişi var. Ona imza atmaqla, qüvvəyə mindirməklə Ermənistan birdəfəlik münaqişəli durumdan, qarşıdurmadan, ən əsası, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli olacaq. Çünki onlar bütövlükdə Azərbaycanın qələbəsini qəbul edəcəklər. Burada ən vacib məsələ demarkasiya və delimitasiyadır. Ermənistan buna imza atarsa, hüquqi cəhətdən Ermənistan hər şeylə razılaşmış olacaq. Yəni vəssalam, artıq bütün sərhədlər müəyyən ediləcək, Ermənistan heç bir iddia irəli sürə bilməyəcəklər. Bu, əvvəl –axır olacaq. Burada dəqiq zaman çərçivəsini müəyyən etməyin yeri yoxdur. İlin axırına qədər bunun baş verəcəyini dəqiqləşdirmək çətindir. Amma prseslər buna doğru gedəcək. Bu, birmənalıdır.Publika.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki