Ər-Riyadda keçirilən danışıqlarda Rusiya və ABŞ iqtisadi əməkdaşlıq qarşısındakı maneələrin aradan qaldırılmasında qarşılıqlı maraq göstəriblər. “İnterfaks” xəbər verir ki, bunu görüşün yekunlarına görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Elchi.az xəbər verir ki, “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı yolunda süni maneələrin aradan qaldırılmasına böyük maraq var idi”, – Rusiya XİN rəhbəri bildirib.
Lavrov əlavə edib ki, tərəflər beynəlxalq və iqtisadi məsələlərin həlli yollarını tapmaq üçün qarşılıqlı istəklərini ifadə ediblər.
Nazir görüşdə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin də iştirak etdiyini qeyd edib. Danışıqlar zamanı o, “Rusiya Federasiyası və ABŞ-ın xeyrinə kifayət qədər tez həll oluna biləcək bəzi problemləri təqdim etdi”.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.
Danışıqlardan sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, onlar “pis getməyib”: Moskva və Vaşinqton ikitərəfli münasibətləri inkişaf etdirmək və bir-birinin maraqlarını nəzərə almaq barədə razılığa gəliblər. O əlavə edib ki, tərəflər Rusiya və ABŞ prezidentləri arasında görüş üçün şərait yaratmağa çalışacaqlar. Bundan əlavə, o qeyd edib ki, vaxtında Rusiya və Amerikanın ayrı-ayrı danışıqlar qrupları Ukrayna üzrə təmaslara başlayacaq.
Şayəstə Hüseynova