İsrailin müdafiə naziri Yisrael Katz dünən Latakiya limanına təşkil edilən hücumda Suriyanın dəniz donanmasını məhv etdiklərini iddia edib.
Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Katzın İsrail ordusunun Hayfa şəhərindəki dəniz bazasını ziyarət etdiyi bildirilib.
Bildirilib ki , Katz dünən İsrail Hərbi Dəniz Qüvvələrinin Latakiya limanında həyata keçirdiyi hücumlarla bağlı səlahiyyətlilərdən məlumat alıb.
Dünən Latakiya limanına edilən hücumun məsuliyyətini üzərinə götürən Katz, İsrail ordusunun bu hücumla Suriyanın dəniz donanmasını məhv etdiyini iddia edib.
Katz qeyd edib ki, İsrail ordusu Suriya sərhədindəki bufer zonanın işğalını başa çatdırmağa yaxındır.
Katz Suriya müxalifətini də təhdid edərək, “Kim (Bəşər) Əsədin yolu ilə getsə, sonu da onun kimi olacaq” deyib.
Bildirilib ki, İsrail donanması gecə saatlarında Əl-Bayda və Latakiya limanlarında Suriya donanmasını vurub.
İsrail mediasının məlumatına görə, İsrail ordusu Əsəd administrasiyasının devrilməsindən sonra Suriyaya 300-dən çox hava zərbəsi endirib.
Nuranə Məmmədova