İsrail nümayəndə heyəti Həmas hərəkatının Qəzza zolağında saxladığı girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün bazar ertəsi Qətərə yola düşüb.
Elchi.az bildirir ki, bu barədə “Ynet” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi bildirib ki, dekabrın sonunda sazişin bağlanması üçün səylər göstərilir. “Təfərrüatların çoxu razılaşdırılıb, lakin əsas mübahisə birinci mərhələdə azad edilməli olan girovların sayıdır”, – deyə o bildirib və əlavə edib ki, hazırda danışıqlar “girovların sayı və şəxsiyyəti üzərində cəmlənib”, xəbər resursu qeyd edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Əl Hadath telekanalı bildirib ki, HƏMAS və İsrail girovların azad edilməsi ilə bağlı artıq dekabrın sonunda razılığa gələ bilərlər. Adı açıqlanmayan mənbələrə istinadən telekanal Qəzza üzrə yekun razılaşmaya gedən yolda “əhəmiyyətli irəliləyiş” olduğunu qeyd edib.
Bazar ertəsi Ynet, HƏMAS-ın adı açıqlanmayan üzvünə istinad edərək, Qəzzada atəşkəs və girovların azad edilməsi üzrə danışıqlarda “görünməmiş irəliləyiş” əldə edildiyini bildirib.
Yeganə