Fələstin prezidenti Mahmud Abbas, İsrailin Qəzza zolağına davam edən hücumları və işğal altındakı İordan çayının qərb sahilindəki işğalçılıq siyasətləri səbəbiylə “Fələstin xalqının varlığını təhdid edən və milli davasına son qoyacaq ikinci Böyük Fəlakət (Nəkba) təhlükəsi ilə üz-üzə olduğunu” bildirib.
Elchi.az xəbər verir ki, Abbas bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) Mərkəzi Şurasının iki gün ərzində İordan çayının qərb sahilinin Ramallah şəhərində keçiriləcək ilk iclasında danışıb.
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 200 min fələstinlinin öldüyünü və ya yaralandığını bildirən Abbas Qəzzada 2165 ailənin tamamilə məhv edildiyinə diqqət çəkib.
Abbas, “İsrail Qəzzada və İordan çayının qərb sahilində həyata keçirdiyi terrorla Fələstin davasını məhv etmək istəyir” deyib.
HƏMAS və İsrail arasında atəşkəs danışıqları ilə bağlı Abbas, “İsrailin Qəzzaya qarşı soyqırım müharibəsi dayandırılmalıdır. Hər gün yüzlərlə insan ölür. Məhbusları azad edin, bu məsələni bağlayın, (İsrailin) bəhanələrinə son verin” deyib.
Abbas İsrail hökumətinin Fələstin Muxtariyyətinə ödənilməsi nəzərdə tutulan vergi gəlirlərini ələ keçirərək onun hüquqlarını qəsb etdiyini və bu məbləğin “2 milyard dollara” çatdığını bildirib.
Abbas Fələstin rəhbərliyinin prioritetinin İsrailin Qəzzada apardığı soyqırım müharibəsi və İordan çayının qərb sahilindəki şəhər, kənd və qaçqın düşərgələrinə hücumlarını dayandırmaq olduğunu, Qəzzaya tətbiq olunan blokadanın qaldırılması və soyqırımın təsirlərinin aradan qaldırılması üçün çalışmağa hazırlaşdıqlarını bildirib.
Fələstin Fələstin Mərkəzi Komitəsi aprelin 23-24-də 32-ci Baş Assambleyasını keçirəcək.
Fələstinlilər 1948-ci ildə İsrailin qurulduğu və yüz minlərlə soydaşının öz torpaqlarından didərgin salındığı hadisələr zəncirini Böyük Fəlakət (Nəkbə) adlandırır.
Fələstin Statistika Mərkəzinin 2015-ci ilin mart ayında verdiyi məlumata görə, İsrail Fələstin torpaqlarının 27 min kvadrat kilometrinin 85 faizini ələ keçirib. Fələstinlilər öz vətənlərinin yalnız 15 faizindən istifadə edə bilirlər.
Şayəstə Hüseynova