Avropa İttifaqı (Aİ) bildirib ki, Ukrayna Rusiya ilə möhkəm mövqedə sülh masasına gəlməlidir və əldə edilən istənilən sülh müstəqillik, suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik təminatlarını ehtiva etməlidir.
Elchi.az xəbər verir ki, Parisdə Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Ukrayna ilə bağlı fövqəladə zirvə toplantısından sonra Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta sosial media hesablarında eyni mesajı paylaşıblar.
İki lider zirvə görüşündə Ukraynanın sülh masasına möhkəm mövqedə gəlməsinin razılaşdırıldığını, sülhün ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və güclü təhlükəsizlik təminatları ilə gəlməsinin vacibliyini vurğulayıblar.
Avropanın Ukraynaya hərbi yardım göstərmək üçün əlindən gələni etdiyini bildirən liderlər, müdafiə investisiyalarının, istehsalın və xərclərin artırılmasına ehtiyac olduğunu da qeyd ediblər.
Sammitin məqsədi Ukraynadakı vəziyyət və Avropada təhlükəsizlik məsələləri ilə bağlı Avropa liderləri arasında məsləhətləşmələrə başlamaqdır.
ABŞ-da Donald Tramp administrasiyası tərəfindən gündəmə gətirilən və Avropanın xaric ediləcəyi açıqlanan sülh danışıqları ilə bağlı inkişafların qiymətləndirildiyi sammitdə Almaniya, İngiltərə, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri ilə yanaşı, von der Leyen və Kosta ilə NATO-nun baş katibi Mark Rutte də iştirak edib.
Nuranə Məmmədova