Rusiyanın 1783-cü ildə Krımı özünə birləşdirməsi növbəti Osmanlı-Rusiya müharibəsinə səbəb oldu. 1787-ci ilin yayında başlayan müharibəyə az sonra Avstriya da Rusiyanın tərəfində qoşuldu.
1788-ci ilin sentyabrında Avstriyanın çoxmillətli və çoxdilli 100 minlik qoşunu Rumıniyanın Karansebeş şəhəri yaxınlığında mövqe tutub osmanlıların yaxınlaşmasını gözləyirdi. Bu zaman tarixdə bənzəri bəlkə də olmayan bir hadisə baş verdi.
Qoşunun avanqardına aid süvari dəstəsi yaxınlıqda türklərin olub-olmamasını öyrənmək üçün Timiş çayını keçdi. Türklər gözə dəymirdilər, əvvəzində qaraçı köçü ilə rastlaşdılar. Süvarilər onlardan bir neçə çəllək şnaps içkisi alaraq içməyə başladılar.
Bir müddət sonra, artıq axşam saatlarında çayı bir piyada dəstəsi də keçdi və onlar şnapsa şərik olmaq istədilər, süvarilər isə vermədilər. Nəticədə bu iki qrup arasında əvvəlcə söyüşmə, sonra dava-dalaş və nəhayət, vuruşma baş verdi.
Süvarilərin üstün gəldiyini görən piyadalardan biri onları qorxutmaq üçün “Türklər, türklər” deyə qışqırdı. Amma bu çağırışı gerçək qəbul edən başqaları da “türklər” qışqıraraq çayın o biri tərəfinə, ordunun əsas hissəsinə tərəf qaçmağa başladılar. Beləcə, panika bütün orduya yayıldı.
Deyilənlərə görə, avstriyalı zabitlər “Halt! Halt!” (Dayan! Dayan!) qışqıraraq qaçanları durdumağa çalışdılar. Amma çoxmillətli orduda alman dilini bilməyən xeyli adam vardı və onlar bu sözü türklərin “Allah! Allah!” nidasına oxşatdılar. Nəticədə bir az da bərk qaçmağa başladılar.
Yuxudan oyanan imperator II İosif əsgərlərin qarşısı almağa çalışanda qaçan kütlə tərəfindən atından salındı və az qala tapdaq halında həlak olacaqdı. Onun yavəri ayaq altında qalıb həlak oldu, imperator isə təsadüfən sağ qaldı.
İki gün sonra hadisə yerinə gələn türklər baş verənlərdən heç nə anlamadılar. Düşmən xeyli azuqə, eləcə də artilleriya buraxaraq qaçmışdı. Gürcü əsilli Koca Yusuf paşanın rəhbərlik etdiyi qoşunlar irəliləyərək müqavimətə rast gəlmədən Karansebeşi tutdular.
Yadigar Sadıqlı