Artıq iki aya yaxındır Rusiya- Ukrayna savaşı davam edir. Bu müharibədə hər iki ölkə bir çox silahları sınaqdan keçirdi. Rusiyadan fərqli olaraq Ukrayna əldə etdiyi və yaxud öz istehsalı olan silahları uğurla sınaqdan keçirməyi bacardı. Bütün müharibələrdə ən aktiv döyüş silahlarından olan qumbaraatanlar bu savaşda özünü doğrulda bildimi?
Qumbaraatan odlu silah olaraq, vəzifəsinə görə müxtəlif növ qumbaralardan uzaq məsafəyə atəş açmaq ücün nəzərdə tutulur. Hələ yaranış dövründə müxtəlif, yandırıcı, partladıcı qumbaraları əl ilə uzaq məsafəyə atmaq mümkün olmadığından, belə bir silahın yaradılması döyüş aparma taktikasında vacib amilə çevrildi. başlanğıcda qumbaralar mancanaq, mortira, sapandlar vasitəsi ilə atılırdı.
Döyüş ənənəsinin və silahların təkmilləşməsi prossesi, qumbaraatanlardan da yan keçməyib. Əl qumbaralarının hələ də “yaşadığı” müasir dovrdə qumbaraatanlar böyük bir təkmilləşmə yolu keçərək, müasir döyüş aparma taktikasında əvəzolunmaz silah növünə çevrilib.
Müasir döyüş aparma silahlarından olan qumbaraatanlar atıcı silahlarla artilleriya arasında bir növ körpü rolunu oynayır. Həmçinin, düşmənin möhkəmləndirilmiş mövqelərinin, zirehli və zirehsiz döyüş vasitələrinin, şəxsi heyətinin sıradan çıxarılmasında xüsusi əhəmiyyət kəsb edir.
Qumbaraatanlar çap altı və çap üstü mərmilərlə atəş üçün nəzərdə tutulur. Sadə dildə desək mərmi ya lülənin içində, ya da lülənin üst qatında olur və hər iki növ barıt içliyi olan start tullayıcı ilə təmin edilir.
1961-ci ildən bu yana dünyadakı demək olar bütün müharibələrdə istifadə olunan RPQ-7 qumbaraatanların simvolu sayılır. İndiyədək 9 milyondan artıq istehsalla dünya rekordu vuran RPQ-7 bəzi çatışmamazlıqlara rəğmən yeni texnologiyalar dövründə belə meydana çıxan modellərlə eyni sırada dayanır.
İnkişaf prosesi çərçivəsində silahın lüləsinə bağlanan, lüləaltı, əl qumbaraatanları, dəzgahlı, reaktiv qumbaraatanlar, odatanlar, son olaraq airburst qumbaraatanları daxil olmaqla fərqli qumbaraatan modelləri meydana çıxıb. Bu gün dünyanın 70-dən artıq ölkəsində 250-yə yaxın fərqli qumbaraatan modeli istehsal olunmaqdadır. Bunun da 60-a yaxını RPQ-7 modelinin klonu və ya onun bazasında hazırlanmış modellərdir.
Reaktiv qumbaraatanlar özləri də biratımlı və çoxatımlı qumbaraatanlara ayrılırlar. Əsasən xüsusi tapşırıqları yerinə yetirən qoşun növləri biratımlı qumbaraatanlardan istifadə edirlər. Bunun bir sadə anlayışı var ki, bu qumbaraatanlar yüngüldür və xüsusi təyinatlı qoşun növləri təyinatlarına görə, ancaq hücum və diversiya əməliyyatları apardıqlarından, ağır qumbaraatanlarla təhciz olunmurlar. Belə qumbaraatanların mobilliyi, yüngüllüyü və kifayət qədər dağıdıcılığı verilən tapşırığın tez və keyfiyyətlə yerinə yetirilməsində böyük amildir. Biratımlı qumbaratanların korpusu atışdan sonra istifadəyə yararsız olsa da, bəzi modellərin atış və idarə mexanizmləri atışdan sonra çıxarılaraq istifadə edilə bilir. Çoxatımlı qumbaraatanlar isə bilavasitə qoşunların piyada tank əleyhinə tağımlarında və digər hissələrində istifadə olunur.
Rusiya
Əl qumbaraatanlarının geniş çeşidinə malik ölkələr siyahısına Rusiya şəriksiz liderlik edir. Hazırda Rusiya hərbi sənaye müəssisələri keçmiş sovet nümunələri ilə yanaşı yeni modellərin yaradılması və istehsalını həyata keçirməkdədirlər.
Ruslar əl qumbaraatanlarının tarixini I Pyotrun dövrünədək aparıb çıxarsalar da, faktik olaraq Rusiya hərbi sənayesi 1923-cü ildə qumbaraatan tüfəng tərtibatında ilk qumbaraatanı istehsal edib. Dünyada geniş yayılmış RPQ ailəsi isə öz tarixini 1947-ci ildə RPQ-2-dən götürür.
SSRİ-nin süqutundan sonra, Rusiya hərbi sənaye qurumları yeni məhsulların istehsalına başlayarkən, SSRİ dönəmindən sınaqları yekunlaşmamış layihələrə yenidən nəzər yetirməyə başladılar. Hazır layihələrin üzərində kiçik təkmilləşdirmələr aparılmaqla, istehsala verilməsi Rusiya sənaye qurumlarına yeni məhsullar qazandırmış oldu. Sovet hərbi mühəndisləri tərəfindən yaradılmış, lakin SSRİ dağıldıqdan sonra Rusiyada istehsalına başlanmış RMQ çoxfunksiyalı reaktiv qumbaraatan 8.5 kq çəkiyə və 200 metr effektiv atış mənzilinə (maksimal mənzili 400 m) sahibdir. Yaxın məsafəli döyüş üçün nəzərdə tutulan RMQ hücum qumbaraatanları sinfinə daxil edilir. “Bazalt” Elmi Tədqiqat Sənaye Müəssisəsində RŞQ-1 reaktiv hücum qumbaraatanın bazasında hazırlanmış RMQ sələfindən unifikasiya edilmiş işəsalma qurğusu və raket mühərriki ilə seçilir. Eyni zamanda daha kiçik termobarik döyüş başlığına malik bu qumbaraatan sığınacaqlarda gizlənmiş canlı qüvvəyə qarşı yüksək öldürücü təsirə malikdir. Başqa sözlə, RMQ qumbaraatanı RŞQ-1 və RPO-A “Şmel” qumbaraatanlarının funksiyalarını özündə cəmləşdirməklə hər iki silahın analoqu hesab olunur. 2001-ci ildən Rusiya Ordusunun silahlanmasında daxil olmaqla yanaşı ixracat üçün təklif edilir. RMQ-də “intellektual nou-hau” tətbiq edildiyini deyən mütəxəsisslərin sözlərinə görə, bu yeniliklərdən ən əsası partlayıcı başlığı ilə bağlıdır. Döyüş başlığı maneələrə dəyəndən sonra partladıcı işə düşür və bunun hesabına mühəndis qurğularının, zirehli texnikanın daxilində canlı qüvvəni məhv edir. RMQ-nin mərmisi 500 mm qalınlığında kərpic-beton maneəni deşməyi bacarır.
“Bazalt”ın RPQ-26-nın bazasında hazırladığı RŞQ-2 reaktiv hücum qumbaraatanı isə 3.8 kq çəkiyə və 115 metr effektiv atış məsafəsinə, sələfindən daha güclü qumbaraya malikdir. Bu silahda tətbiq edilmiş termobarik döyüş başlığı rəqibin yüngül zirehli texnikasını, canlı qüvvəsini və sığınacaqlarını məhv etməyə hesablanıb. Qeyd edək ki, RŞQ-2-nin döyüş başlığı 1.16 kq yanacaq qarışığı daşıyır və partlayış zamanı yanacaq-hava buludu 3 kq trotil gücündə fuqas effekti verir. Qumbaraatanın buraxıcı mexanizmi şüşə lifli monoblok borudan ibarətdir. Atəş vaxtı qumbaraatanın arxasında yaranan 90 dərəcə istilik 30 metr məsafədə təhlükəli zona yaradır.
İordaniyanın sifarişi üzrə 2005-ci ildə “Bazalt” və JADARA şirkətinin birgə yaratdığı 105 mm-lik RPQ-32 “Naşşab” hədəflərin geniş spektrinin məğlubiyyəti üçün nəzərdə tutulur və iki növ – PQ-32V tank əleyhinə və TBQ-32V termobarik döyüş sursatlarından istifadə edir. JADARA mütəxəssislərinin AZERİ DEFENCE-yə verdikləri məlumata görə, “Naşşab” çox istifadə oluna bilən işəsalma qurğusundan ibarətdir, standart və sabit obyektləri qorumaq üçün modul versiyası mövcuddur. “Naşşab”ın buraxıcı konteynerinin uzunluğu 1200 mm, mərminin sürəti 140 metr/saniyə, effektiv mənzili 500 metr, TBQ-32V mərmisi ilə 700 metr təşkil edir. Qumbaraatan 1P81 standart gündüz nişangahı, G52R lazer məsafəölçənli gündüz və gecə nişangahları ilə komplektləşdirilir. Atış ömrü minimum 200 mərmi olan “Naşşab” 600 mm qalınlığında dinamik zirehi, 1 metr qalınlığında homogen zirehi, 1.5 metr qalınlığında betonu deşməyi bacarır.
Rusiyanın “Cihazqayırma Konstruktor Bürosu”nun xüsusi təyinatlı qüvvələr üçün “Şmel” reaktiv odatanı konsepsiyası əsasında hazırladığı 62 mm çaplı “Bur” reaktiv qumbaraatanı 4.8 kq çəkisi ilə sinfinin ən yüngül qumbaratanı hesab olunur. Effektiv atış məsafəsi təqribən 650 metr, maksimal mənzili 900 metr təşkil edən “Bur” 2013-cü ildə Rusiya Hava Desant Qüvvələrinin silahlanmasına daxil olub. Bazardakı analoqlarından kifayət qədər kiçik olmasına baxmayaraq, yüksək döyüş xarakteriskaları saxlanılıb. “Bur” ixracata iki versiyada – çoxatımlı atəş idarə bloku və biratımlı buraxıcı blokla təklif olunur. Atəş idarə bloku plastikdən hazırlanmış tapança qulpu və kiçik qundaq yatağından ibarətdir. Bu qurğu endirici və qoruyucu mexanizmi özündə birləşdirir. Blokun korpusunun sol tərəfində müxtəlif nişangahların bərkidilməsi üçün piccatini relsi yerləşdirilib. “Bur” üçün hazırda iki variantda reaktiv qumbaralar istehsal olunur – fuqas /termobarik (yanacaq-hava partlayıcı maddəsi yüklü, 6 kq trotil ekvivalentində) və qəlpə-fuqas. Hər qumbara ön və arxa hissəsi germetik rezin qapaqlarla bağlı plastik buraxıcı konteynerə qablaşdırılır. Atış zamanı qapaqlar avtomatik çıxardılır. “Bur”la 16 kv.metrlik bir otaqdan atəş açmaq mümkündür. Lakin görünən odur ki, rus silahları həm Qarabağda baş verən Vətən Müharibəsində, həm də Ukraynadakı savaşda özünü doğrultmadı.
Avropa və Asiya
Almaniyanın “Dynamit Nobel” firması tərəfindən 1978-1985-ci illərdə hazırlanmış və 1992-ci ildə Bundesverin silahlanmasına daxil olmuş “Panzerfaust-3” qumbaraatanı hazırda 10-dan artıq ölkənin aktiv silahlanmasındadır. Sovet RPQ-lərinin üstün cəhətləri nəzərə alınmaqla hazırlanmış PzF-3 modulyar atış mexanizminə sahibdir. Atışdan sonra borunun üzərində yerləşən durbin və atış mexanizi təkrar istifadə olunur. “Panzeraust-3” mərmisi zirehdələn döyüş başlığından və amatol/syndril yanacağı ilə dolu bölmədən ibarətdir. Qumbaraatanın PzF-3, PzF-3T, PzF-3IT və PzF 3 “Bunkerfaust” adlı dörd fərqli konfiqurasiyası mövcuddur. 110 mm çaplı döyüş başlığına sahib PzF-3 standart modelinin atışa hazır çəkisi 15.2 kq, döyüş başlığı 3.9 kq, mərminin sürəti 243 m/saniyə, maksimum məsafəsi statik hədəflərə qarşı 400, hərəkətli hədəflər qarşı 300 metr təşkil edir. Bu modeldə tətbiq olunan standart raketlər 700 mm qalınlığında zirehi, 1.6 metr qalınlığında betonu dəlir. Reaktiv zirehdələn başlığa malik PzF-3T konfiqurasiyası çəki baxımından standart modeldən cəmi 400 qram ağırdır. Raketin döyüş başlığı PzF-3-də olduğu kimi 3.9 kiloqram təşkil edir. PzF-3T-nin mərmisinin sürəti 220 metr/saniyə, atış mənzili sabit hədəflərə 400 metr, hərəkətli hədəflərə 300 metr, “Dynarange” teleskopik nişangahıyla atış zamanı 600 metrdir. Qeyd edək ki, “Dynarange” nişangah kompleksinə optik nişangah, lazer məsafəölçən və ballistik kompüter daxil edilib. Bu mini balistik kompüterin yaddaşında ehtimal olunan hədəflər və bütün modellər üçün ballistik cədvəllər yer alır. Nişangah kompleksinin sayəsində tanklar üzrə effektiv atış məsafəsi əhəmiyyətli dərəcədə artaraq 300-400 metrdən 600 metrə çatdırılıb. Beton sığınacaqları dağıtmaq üçün istehsal olunmuş 15.6 kiloqram çəkili PzF-3 “Bunkerfaust”un mərmisi 212 metr/saniyə sürətə və maksimum 300 metr mənzilə sahibdir. “Bunkerfaust”un 110 mm homogen zirehi, 360 mm qalınlığında betonu, 1300 mm qalınlığında qum kisələrindən ibarət istehkamları dağıdır.
Sinqapur Müdafiə Elm və Texnologiya Agentliyinin (DSTA) İsrailin “Rafael” və Almaniyanın “Dynamit Nobel Defence” şirkətləri ilə birgə 2000-ci illərin əvvəllərində “Panzerfaust-3” bazasında, təkmilləşdirmələr aparmaqla hazırladığı 90 mm-lik MATADOR (Man-portativ Anti-Tank, Anti-DOoR) biratımlı qumbaraatanı demək olar ki, iş prinsipi baxımından PzF-3 ilə eynidir. Öz sinfində ən yüngül qumbaraatanlardan hesab olunan MATADOR 450 mm qalınlığında zirehi və ikiqat kəric divarları dəlmə gücünə sahibdir. Qumbaraatanın dizaynı və tətbiq olunan texnologiya ondan qapalı yerlərdə atəş açmağa imkan verir. Qeyd edək ki, bu silah yaradılarkən sıx şəhər şəraitində tətbiqinə xüsusi diqqət yetirilib. Qumbaraatanın MATADOR-MP (yüngül istehkamlara qarşı), MATADOR-WB (xüsusi divarları deşə bilən), MATADOR-AS (tandem döyüş başlıqlı və yüngül zerhlərə nüfuz edən) versiyaları mövcuddur. Çəkisi 12 kq təşkil edən MATADOR-un raketinin sürəti 250 m/saniyə, effektiv mənzili 500 metr təşkil edir.
İspaniyanın “İnstalaza” şirkəti tərəfindən 1998-ci ildən istehsalına başlanmış “Alcotan-100” biratımlı qumbaraatan 100 mm çaplı iki təyinatlı raketlərlə atəş açır. Silah VOSEL adlı İR nişangahlı, lazer məsafəölçənli balistik kompüterlə komplektləşdirilir. VOSEL gündüz şəraitində operatora 2000 metr, gecə vaxtı isə 1200 metr məsafədə hədəfləri müşaiyət etməyə və hesablama aparmağa imkan verir. Atışdan sonra VOSEL qurğudan ayrılır və yeni hazır konteynerə qurulur. “Alcotan-100” kompleksinin çəkisi 14 kq, raketin çəkisi 4.5 kq, atış mənzili 600 metr təşkil edir. Hazırda bu silah İspaniya, Peru və Cənubi Koreya ordularının arsenalında yer almaqdadır.
Böyük Britaniya ordusunun 2002-ci ildə elan etdiyi müsabiqə ilə “dünyaya gələn” NLAW (Next Generation Anti-Armor Weapon) tank əleyhinə qumbaraatanın istehsalı “Saab Bofors Dynamics” şirkətinin İngiltərədə və İsveçdəki müəssisələrdə həyata keçirilir. İngiltərə ilə yanaşı hazırda bu silah İsveç və Finlandiya ordusunun inventarında yer alır.
NLAW qumbaraatanı BILL tank əleyhinə idarə olunan kompleksin bazasında yaradılıb. Hansı ki, bu kompleks 1985-ci ildə silahlanmaya daxil olub. NLAW qumbaraatanında həmçinin üçüncü nəsil OTA texnologiyası istifadə edilib və hədəfə yönəlmə sələflərindən fərqli olaraq “at-unut” prinsipinə əsaslanıb. Zirehsiz hədəflərin məhv edilməsi üçünsə DA (Direct Attack – birbaşa zərbə) rejimi nəzərdə tutulub. Uzunluğu 1 metr, çapı 115 mm, çəkisi 12 kq təşkil edən NLAW 600 metr atış məsafəsinə malikdir. Mərmi bu məsafəyə 2.5 sanyəyə uçur. Qumbaraatanda tətbiq olunan iş prinsipinə əsasən, hədəf aşkarlandıqdan sonra üç saniyə ərzində onun hərəkəti izlənməlidir. Bu vaxt imkan verir ki, təhriketmə sistemi qumbaranın uçuşu üçün lazımlı trayektoriyanı hesablasın. Nəticədə atıcının hədəfi və onun hərəkət sürəti, istiqaməti və küləyin gücü ilə bağlı hesablama aparmasına ehtiyac qalmır. NLAW-da istifadə olunan mərminin döyüş başlığı komanda ilə işləyən aktiv maqnit və optik sensorlardan ibarət partladıcı ilə təchiz edilib.
İsrail Hərbi Sənayesinin (IMI) 1999-cu ildə təqdim etdiyi 76 mm-lik “Shipon” qumbaraatanları 600 metr məsafədə düşmənin tanklarını və istehkamlarını məhv etmək üçün nəzərdə tutulur. “Shipon” iki növ – tank əleyhinə və istehkam əleyhinə raketlərlə atəş açır. Tank əleyhinə raketlər 800 mm qalınlığında polad zirehlərə nüfuz etmək üçün tandem formalı döyüş başlığına malikdir. Çəkiisi 9 kq təşkil edən qumbaraatanın “Shipon-1” və “Shipon-2” versiyaları mövcuddur. Qumbaraatan optik və ya gecəgörmə nişangahı, lazer məsafəölçən, temperatur və küləyi ölçən tənzimçilərlə təchiz olunub.
Amerika
ABŞ Dəniz Piyada Korpusunun sifarişi ilə 1987-ci ildə SRAW (Multipurpose Individual Munition / Short-Range Assault Weapon) proqramı çərçivəsində hazırlanmış FGM-172 qumbaraatanının ilk nümunələri tank əleyhinə silah olaraq nəzərdə tutulsa da, sonrakı illərdə quru qoşunları onun bazasında istehkamların məhv edilməsi üçün fərdi silah sifariş verdi. SRAW biratımlı qumbaraatanları plastik konteynerə yerləşmiş raketdən, konteynerə bağlı daşıma, optik nişangah və işə salma qulpundan ibarətdir. İki pilləli mühərrikə sahib SRAW raketi buxarılış zamanı birinci pillədə 25 m/saniyə sürət yığır. İkinci pillə ən azı 5 metr sonra qoşulur və 300 m/saniyə sürətlə raketə uçuş sürəti verir. İnersiyalı idarə sisteminə malik raketə buraxılış zamanı küləyə, hava temperaturuna və s. görə düzəlişlər etmək ehtiyacı yoxdur. Avtopilotu onu işə salma zamanı seçilmiş tuşlama xəttində saxlayır. Qeyd edək ki, FGM-172 əsgərlərin silahlanmasında daxil olan ilk “at-unut” prinsipinə malik fərdi silah hesab olunur. 141 mm çaplı qumbaraatanın çəkisi 9 kq, raketin çəkisi 3.116 kq, döyüş başlığı 2.34 kq, effektiv atış mənzili 400 metrdir.
“SAAB Dynamics” şirkətinin AUSA-2014 səərgisində ABŞ xüsusi təyinatlıları üçün sərgilədiyi “Carl Gustaf M4” qumbaraatanın yeni versiyasının seriyalı istehsalı 2016-cı ilin əvvəllərinə planlaşdırılır. SAAB mütəxəssislərinin sözlərinə görə, yeni “Carl Gustaf” cəmi 6.7 kiloqram ağırlığındadır və sələfi M3-dən 3.4 kq yüngüldür. Qumbaraatanın effektiv atış uzaqlığı isə 1000 metrə qədər təşkil edir. Şəhər şəraitində əməliyyatlar üçün qumbaraatanın uzunluğu qısaldılararaq 950 mm-ə endirilib. Qumbaraatanın çəkisinin yüngülləşdirilməsi gövdənin hazırlanmasında yeni materialların tətbiqi hesabına mümkün olub. Xüsusi əməliyyat qüvvələrinin tələbi nəzərə alınaraq, qumbaraatan qırmızı nöqtəli nişangah, təhlükəsiz tutacaq, sazlanan çiyin diyircəyi və ön dəstəklə təchiz edilib. Bu silah ilk dəfə olaraq atışların sayını qeydə alan kompüterə də sahib olub.
Bir sözlə Ukrayna-Rusiya müharibəsi Rusiyanın silah bazarındakı hegemonluğuna son qoyacaq. Artıq Rusiyanın silah satdığı ölkələrin alternativ bazar axtarışında olduğu qaçılmazdır.
Alp.az