Rusiya-NATO Şurası arasında olacaq danışıqlar ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı oldu. Rusiya və bəzi Qərb nəşrləri iddia edirlər ki, müzakirələr zamanı Kreml rəhbəri Ankaradan həm Ukrayna məsələsində, həm gözlənilən görüşdə daha ciddi dəstək gözlədiklərini deyib.
ABŞ dövlət katibi Entoni Blinkenlə də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. ABŞ Dövlət Departamentinin saytında yayılan məlumatda qeyd edilir ki, telefon danışığı zamanı tərəflər bir sıra ikitərəfli, o cümlədən Ankara ilə İrəvan arasındakı münasibətlərin normallaşması prosesini müzakirə edib: “Dövlət katibi Blinkenlə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Rusiyanın Ukraynadakı eskalasiyası ilə bağlı fəaliyyətin koordinasiya olunmasını, o cümlədən Ermənistanla münasibətlərin normallaşdırılması ilə əlaqədar xüsusi nümayəndənin təyin edilməsi və NATO-dakı müttəfiqi qismində məsələlərin həlli, ikitərəfli əsasda əlaqələrin dərinləşdirilməsini, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib”. Göründüyü kimi, həm Rusiya, həm ABŞ Türkiyənin qəti mövqeyindən çox şey gözləyirlər. Türkiyə xarici işlər naziri ilin sonu ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, belə çətin anlarda zamanın ruhu və milli təhlükəsizlik nə tələb edirsə, onu edəcəklər: “Bu, çətin işdir, lakin diplomatiya bunun üçündür”.
Türkiyə nə edəcək? NATO ölkəsi olaraq Rusiyaya qarşı hərbi planda sərt qərarlar olarsa necə davranacaq? Rusiya ilə əməkdaşlığın pozulmasının riskləri varmı?
Politoloq Oktay Qasımov bildirdi ki, 2022-ci ilin ilk günləri dünya siyasi arenasında çox maraqlı və ciddi hadisələrlə müşayiət olunur. Bütün dünyanın səbirsizliklə gözlədiyi ABŞ və Rusiya rəhbərlərinin növbəti danışığı, Rusiya ilə NATO Şurası arasında aparılacaq danışıqlar Avropa qitəsinin həm təhlükəsizliyi, həm gələcəkdəki inkişafına dair məsələlərə xeyli dərəcədə aydınlıq gətirəcək: “O baxımdan tərəflər bu görüşə kifayət qədər hazırlıqlı getməyə çalışırlar. O cümlədən hər bir tərəf özünün müttəfiqləri və ən azı yaxın münasibətlərdə olduğu dövlətlər tərəfindən onun mövqeyinin dəstəklənməsini gözləyirlər. Bu baxımdan həm Rusiya prezidenti ilə Türkiyə prezidentinin arasında baş tutan telefon danışığı və burada müzakirə olunan məsələlər, o cümlədən bu görüşlə bağlı Qərb mediasında irəli sürülən iddialar, digər tərəfdən ABŞ dövlət katibi ilə Türkiyə xarici işlər naziri arasında baş tutan danışıqlarla bağlı yayılan məlumatlarda Ukrayna ətrafında yaranan gərginliklə bağlı birgə fəaliyyətdən söz açılır. Əlbəttə bunlar kifayət qədər ciddi məsələlərdir. Çünki Türkiyə bir tərəfdən Qərb blokunda təmsil olunmaqla ABŞ-ın müttəfiqidir, digər tərəfdən, son illər Türkiyə və Rusiya arasında əməkdaşlıq ciddi şəkildə inkişaf edir. Ona görə də Türkiyənin tutacağı mövqe olduqca məsuliyyətli və həssas dönəmə daxil olma kimi dəyərləndirilə bilər. Türkiyənin alacağı qərarın necə olacağı və bu qərarın Türkiyəyə zərəri və faydasının necə olacağı xeyli düşünüdürücüdür. Məncə, Türk diplomatiyası, ümumiyyətlə, bu görüşlərdə daha çox mümkün qədər hər iki tərəfi qane edəcək neytral mövqe tutmağa çalışacaq. Necə ki, bir müddət əvvəl Türkiyə Rusiya və Ukrayna arasında vasitəçilik təklifini etmişdi, yenə də Ankara çalışacaq ABŞ-la Rusiya arasında ortaq mövqedən çıxış etsin, hər iki tərəf arasında müəyyən qədər kompromislər əldə edilsin və bu proseslərdə Türkiyə bir tərəfdə dayanmasın. Odur ki, məncə, Ankara mümkün qədər neytral davranmağa çalışacaq, həm NATO ilə, Qərb ilə, həm də Rusiya ilə münasibətləri mümkün olduğu qədər saxlamaq yolunu seçəcək”.
Ekspertin fikrincə, Rusiya ilə NATO Şurası arasında danışıqlarda yekun qərar qəbul olunmayacaq. Bu, ilk raund kimi dəyərləndirilə bilər. Tərəflər bir-birinin imkanlarını, səbrini sınağa çəkəcəklər: “Necə ki, Rusiya bu görüşə mümkün qədər hazırlıqlı getmək istəyir, bütün variantlara əl atır, eləcə də qarşı tərəf ciddi hazırlıqlar görür. Qazaxıstanda baş verən hadisələr də Rusiyanın bu görüşə “əli dolu” getmək istəyi ilə bağlıdır. Rusiya mesaj verir ki, o, özünün ətrafında bufer zonaları yaradıb təhlükəsizliyini təmin etmək niyyətindən vaz keçməyəcək. Türkiyə də bütün bunları nəzərə alaraq Qazaxıstanda baş verən hadisələrə kifayət qədər təmkinli yanaşaraq Sizin qeyd etdiyiniz məsələlərdə də neytrallığını mümkün qədər təmin etməyə çalışacaq. Ankara həm NATO bloku ilə, həm də Rusiya ilə münasibətləri saxlamaq yolunu seçəcək. Türkiyə diplomatiyasının önündə çox ağır, çətin məsələ dayanıb. Ümid edirik ki, Türkiyə bu sınaqdan da doğru qərarlar alaraq çıxacaq. Rusiya ilə münasibətlər risk altına düşməyəcək, əksinə, inkişaf edəcək”.“Yeni Müsavat”