ABŞ prezidenti Donald Tramp Çin və Rusiyaya nüvə silahlarının və hərbi büdcələrinin azaldılmasını təklif edib. Çin ABŞ-ın təklifinə öz xüsusi şərtlərini göstərərək cavab verdi. Təklifi irəli sürən ABŞ-ın hərəkətləri Çinə qarşı silahlanma yarışının əslində davam etdiyini göstərir.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında Rusiya və Çinə nüvə silahlarını azaltmağı təklif edəcəyini bildirib.
Yaxın Şərq və Ukrayna məsələlərini müzakirədən etdikdən sonra Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli sammit təklif edəcəyini deyən Tramp, “Onlara demək istəyirəm ki, hərbi büdcəmizi yarıya qədər azaldaq. Biz bunu edə bilərik”- deyib. “Yeni nüvə silahları yaratmağımız üçün heç bir səbəb yoxdur, bizdə onsuz da onların sayı çoxdur. Siz dünyanı 50 dəfə, 100 dəfə məhv edə bilərsiniz. Biz yeni nüvə silahları qururuq, onlar nüvə silahları qurur.”
Həmin gün Ağ Evdə Hindistan prezidenti Narendra Modini qəbul edən Tramp bu dəfə Çini xüsusi dəyərləndirib. Çin prezidenti Si Cinping ilə “çox yaxşı anlaşdığını” iddia edən Tramp, “Mən sadəlövh olmaq istəmirəm, amma liderlərə gəldikdə düşünürəm ki, Si və mən çox yaxınıq və Çin dünyada çox vacib oyunçudur. Düşünürəm ki, onlar bizə Ukrayna-Rusiya müharibəsini bitirməkdə kömək edə bilərlər.” Çinin Rusiya və ABŞ-dan sonra nüvə potensialını sürətlə inkişaf etdirdiyini iddia edən Tramp bunları qeyd edib:
“Çin prezidenti Si Cinpin çox güclü nüvə potensialı qurur. Hal-hazırda Rusiya və ABŞ-a çox yaxın deyil, amma tezliklə olacaq. Tutaq ki, 900 milyard dollar, Rusiya müharibədən əvvəl 100-ə yaxın (milyard dollar) xərcləyirdi, amma müharibəyə nə qədər pul xərclədiklərini deyə bilmərəm, amma çox xərcləyirlər. Çin də 400-450 milyard dollar xərcləyir. Ona görə dedim ki, bu pulları bir-birinə xərcləmək həqiqətən də məntiqli deyil. Anlaşsaq, bu pulu daha yaxşı məqsədlərə xərcləyə bilərik”.
Çindən ilk açıqlama: 90 faiz ABŞ və Rusiyaya məxsusdur
ABŞ prezidenti Donald Trampın nüvə danışıqları təklifinə Pekinin cavabı dərhal oldu. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun gündəlik mətbuat konfransında bildirib ki, Çin nüvə potensialına görə Rusiya və ABŞ-dan çox geridə qalıb və əsas məsuliyyət Moskva və Vaşinqtonun üzərinə düşür. ABŞ və Rusiyanın dünyadakı nüvə silahlarının yüzdə 90-dan çoxuna sahib olduğuna diqqət çəkən Çin sözçüsü, “ABŞ və Rusiya nüvə tərksilahına dair öhdəliklərini xüsusi prioritetlə yerinə yetirməlidirlər” – deyib. O, öz nüvə ehtiyatını əhəmiyyətli dərəcədə azaltmalı və digər dövlətlərin nüvə tərksilahı üçün şərait yaratmalıdır”.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun da vurğulayıb ki, Çin nüvə silahından ilk istifadə etməmək siyasətinə ciddi şəkildə əməl edir və heç bir ölkə ilə silahlanma yarışına girmədən öz nüvə imkanlarını milli təhlükəsizlik üçün lazım olan ən aşağı səviyyədə saxlayır.
ABŞ-ın təklifi onun hərəkətlərinə uyğun gəlmir
Çin üçtərəfli sammitdən daha çox ABŞ və Rusiyanın verməli olduğu prioritet qərarlara işarə etsə də, Vaşinqtonun silahlanma məsələsində hərəkətləri Trampın təklifindən çox fərqli reallığa işarə edir. ABŞ-ın müdafiə naziri Pete Hegset keçən həftə Çini çəkindirmək üçün yeni nüvə doktrinasını hazırladıqlarını söylədi. Hegset eyni həftə ABŞ-ın Avstraliyaya nüvə sualtı qayıqlarının çatdırılmasını görən Böyük Britaniya ilə AUKUS müqaviləsinə sadiq qaldığını təsdiqlədi.
Digər tərəfdən Çinə tərksilah təklif edən ABŞ bu həftə Filippində yeni raket sistemləri yerləşdirəcəyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Filippini ABŞ-ın “Typhon” raket sistemini öz ərazisindən çıxarmaq vədini yerinə yetirməyə çağırıb.
Nuranə Məmmədova